Bakıda nadir təbiət hadisəsi
13 Noyabr 2014 22:48 (UTC+04:00)
"Bakı hər zaman küləklər şəhəri hesab edilib,
burada daim güclü küləklər müşahidə olunub. Lakin son illər Bakıda
küləklərin şiddəti azalıb və istiqaməti dəyişib".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Coğrafiya İnstitutunun direktoruRamiz
Məmmədov APA-ya açıqlamasında deyib.
Bakıda əsən şiddətli küləklərin əsasən şimal və
şimal-qərb istiqamətində olduğunu deyən R.Məmmədov qeyd edib ki,
son vaxtlar onların şiddəti azalıb: "Küləklər əvvəlki kimi çox da
şiddətli deyil. Bundan əlavə, paytaxtda əvvəllər müşahidə olunan
şimal və şimal-qərb küləklərinin istiqaməti son illər dəyişərək
şimal-şərqə keçib. Küləklərin şiddətinin azalması və istiqamətinin
dəyişilməsi yalnız Bakıda müşahidə olunmur. Belə ki, Şimali Xəzər
və Bakının daxil olduğu Orta Xəzər zonasında da şimal-qərb
istiqamətli şiddətli küləklərin sürətinin azalması müşahidə edilib.
Bu nəticələr son 20-30 ildə aparılan araşdırmalar nəticəsində
ortaya çıxıb".
İnstitut direktoru qeyd edib ki, bunun konkret
səbəblərini demək mümkün deyil. Onun sözlərinə görə, dəyişikliyə
əsasən eko-sistemdə gedən dəyişmələr səbəb olur: "Bakıda ən
şiddətli küləklər şimal və şimal-qərb istiqamətli küləklər idi.
İndi onların şiddəti azalıb və istiqaməti şimal, şimal qərbdən
şimal-şərq istiqamətinə keçib. Bu isə eko-sistemdə böyük dəyişiklik
deməkdir. Ona görə ki, belə hadisələr 100, 200 min ildən bir olan
dəyişmələrdir. Belə dəyişmələr sonradan ətraf mühitdə başqa
dəyişmələr yaradacaq. Bu, ciddi bir siqnaldır və ehtiyatlı olmaq
lazımdır. Son 20-30 ildə küləyin şiddətinin azalma tendensiyası
müşahidə olunur ki, bu da çox nadir hadisədir və bir neçə
minillikdən bir qeydə alınır. Bu artıq regionun eko-sistemdə böyük
dəyişikliyin olması haqqında bir siqnaldır. Belə hallar yağıntının
miqdarını azalda, günəşli günlərin sayını çoxalda bilər. Hər halda
bu dəyişmələri özü növbəti dəyişmələrə gətirib çıxaracaq".