İlham Əliyev polisə elektroşokdan istifadə hüququ verən dəyişikliyi təsdiqlədi

14 Noyabr 2014 09:49 (UTC+04:00)

Prezident İlham Əliyev "Polis haqqında" qanuna edilən dəyişikliyi təsdiqləyib. Bu dəyişiklik polisə elektroşok vasitələrindən istifadə etmək hüququ verir.

Dəyişikliyi Milli Məclis oktyabrın 28-də qəbul edib.

Dəyişikliyə əsasən, "Polis haqqında" qanunun 1-ci maddəsinin 7-ci abzasında "əl-qolu bağlama" sözlərindən sonra "və elektroşok" sözləri əlavə olunub.

26-cı maddəyə isə aşağıdakı məzmunda III-I hissə əlavə edilib: "III-I. Elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

"Media forum" saytı xəbər verir ki, dövlət başçısı noyabrın 13-də qanunun tətbiqi ilə əlaqədar imzaladığı fərmanda Nazirlər Kabinetinə elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısını üç ay müddətində prezidentlə razılaşdırmaqla müəyyənləşdirməyi də tapşırıb.