Azərbaycanda 1000 uşaq çarəsiz xəstəlikdən əziyyət çəkir

14 Noyabr 2014 12:15 (UTC+04:00)

"Keçən ilin sonlarına olan statistikaya əsasən Azərbaycanda 197 min şəkərli diabetdən əziyyət çəkən xəstə rəsmi şəkildə qeydiyyatdan keçib. Cari ilin sonuna isə xəstələrin 250 mindən çox olacağını proqnozlaşdırırıq".

Movqe.az-ın xəbərinə görə, bunu Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov deyib.

Onun sözlərinə görə, bu artım sırf qeydiyyatda olan xəstələrə aiddir: "Şəkərli diabet xəstəliyinə qarşı mübarizədə nəinki xəstənin, həm də dövlətin üzərinə böyük yük düşür. Aparıcı ölkələr həyəcan təbili çalaraq xəstəliyin sayının artmasından olduqca narahatdırlar. Bildiyimiz kimi, dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi ildən-ilə sürətlə artır. Hazırda dünyada 380 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da xəstəlik geniş yayılıb".

O daha sonra əlavə edib ki, adıçəkilən xəstəlik 2 qrupa bölünür: "1-ci qrup xəstəlik ən çox cavanlarda müşahidə olunur. 2-ci qrup xəstəliyə isə yaşlı insanlarda rast gəlinir ki, bu da 85-90 faiz təşkil edir. Bu xəstəlikdən əziyyət çəkənlərin 1000 nəfəri isə uşaqlardır. Qeyri-normal həyat tərzi xəstəliyin baş verməsinə səbəb olur. Onu da qeyd etməliyəm ki, bəzən xəstəliklə əlaqədar bədənin hansısa nahiyəsinin amputasiya olunması çıxış yolu deyil. Çünki bu, müəyyən müddətlik prosesdir".

Zülfiyyə QULUYEVA