Ermənilərin vertolyot yanğısı
14 Noyabr 2014 12:47 (UTC+04:00)
Ermənistanın baş naziri Ovik Abramyan Azərbaycan
Silahlı Qüvvələri tərəfindən Ermənistan Hərbi Hava Qüvvələrlərinə
aid "Mi-24" vertolyotunun vurulmasını ittiham edib və bunu
"cinayət" adlandırıb.
ANS PRESS-in məlumatına görə, o, Azadlıq Radiosuna
bildirib ki, Azərbaycan tərəfi həmişə yüksək səviyyədə görüşlərdən
sonra belə təxribatlara əl atır. Bu, ATƏT-in Minsk qrupu
çərçivəsində aparılan danışıqlara mane olan növbəti təxribatdır.
Beynəlxalq ictimaiyyət, təşkilatlar bu məsələdə mövqeyini ifadə
etməli, bu addımı ittiham etməlidir."
Ermənistanın hökumət başçısı yenə özlərini
humanist göstərməyə çalışıb: "Biz ATƏT-in Minsk qrupu formatında
sülh danışıqlarının davam etirilməsini dəstəkləyirik, amma belə
hərəkətlərə dözməməliyik. Düşünürəm ki, bu, həm də həmsədrlərin
məsələsidir, həmçinin beynəlxalq təşkilatlar və bütün dünya
ictimaiyyəti Azərbaycan hakimiyyətinin belə davranışını ittiham
etməlidir."
Baş nazir jurnalistlərin "bunu avqust
hadisələrinin davamı adlandırmaq olarmı" sualına belə cavab verib:
"Mən ssenarini belə proqnozlaşdırmaq istəməzdim, çünki, bu,
ümumiyyətlə, heç kəsə sərfəli deyil. Amma biz uyğun olan nəticəni
çıxarmalıyıq və konkret addımlar həyata keçirməliyik. İndi ölkə
prezidenti Qarabağdadır və "Dağlıq Qarabağ hakimiyyəti" mövqeyini
və münasibətini mütləq bildirəcək."
Ümumiyyətlə, son hadisə erməniləri hələ bundan
sonra çox yandırıb-yaxacaq. Çünki onlar qarşı tərəfin gücünü heç
vaxt dəyərləndirmək istəməyib. Havadarların hesabına "guruldayan,
"coşub-daşan" ermənilər indi vəziyyətin necə dəyişdiyinin şahidi
olur, qarşısında Azərbaycanın hərbi gücünü görürlər. Yeganə yol
utopik xəyallardan uzaq durmaq, real vəziyyəti dəyərləndirmək və
Azərbaycanla razılaşmaqdır. Yoxsa, erməniləri qarşıda hələ çox
sürprizlər gözləyir...
Xatırladaq ki, noyabrın 12-də Ermənistana məxsus
Mi-24 döyüş helikopteri Ağdamda mövqelərimizə hücuma cəhd etdiyi
üçün vurulub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində
döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan
Silahlı Qüvvələrinin Yerevan yaxınlığındakı "Erebuni" hərbi
aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına
məxsusdur.