TQDK cəzalandırdı (FOTO)
14 Noyabr 2014 13:40 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
2014-cü ildə qəbul və buraxılış imtahanlarında iştirak etmiş
nəzarətçi-müəllimlərin fəaliyyətlərinin təhlili ilə bağlı
araşdırmanı yekunlaşdırıb. Movqe.az-ın TQDK-ya istinadla verdiyi məlumata görə, ali və orta ixtisas
təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına, ümumi təhsil
müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi
– buraxılış imtahanlarına orta ümumtəhsil müəssisələrindən
nəzarətçi qismində cəlb edilmiş müəllimlərin fəaliyyəti, hər il
ənənəvi olaraq təhlil olunur.
2014-cü ildə keçirilmiş test imtahanlarına
nəzarətçi qismində cəlb edilmiş 14392 müəllimdən 9061 nəfəri
buraxılış imtahanlarında, 6558 nəfəri isə ali və orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul
imtahanlarında iştirak edib.
Qəbul və buraxılış imtahanlarında
nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair
araşdırmanın nəticələrinə əsasən nümunəvi fəaliyyətinə görə 771
nəzarətçi-müəllimə təşəkkür elan edilib. O cümlədən 26
nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar
qəbul edilib. Müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə
hallarına yol verən 263 nəzarətçi bazadan xaric
edilib.
Qeyd edək ki, TQDK tərəfindən araşdırmanın
nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil
şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil
müəssisələrinə məktublar ünvanlanıb.