Azərbaycan İran üçün də əsas investorlardan birinə çevrilə bilər

15 Noyabr 2014 07:57 (UTC+04:00)

Məlumat verildiyi kimi, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-İran biznes forumunda diqqət yetrilən məsələlərdən biri də neft-qaz sektorunda qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı oldu. İran prezidenti Həsən Ruhani bu xüsusda bir sıra maraqlı fikirlər səsləndirdi: "Biz gərək icazə verməyək ki, zəngin neft mənbələri Xəzərin dibində qalsın. Biz gərək neft mənbələrini hərəkətə gətirək və birlikdə onun hasilatına, istehlakına, satışına nail olaq, əldə olunan mənfəəti xalqlarımıza ərməğan edək. Əgər bizim aramızda kiçik problemlər yaranarsa, onu birlikdə həll edək. Biz gərək enerji sahəsində qarşılıqlı investisiya qoyuluşunda iştirak edək".

Ekspert Zəfər Vəliyev bu xüsusda ilk öncə mübahisəli neft yataqları mövzusuna diqqtə çəkir: " İran tərəfi hesab edirsə ki, Xəzərin Azərbaycan sektorundakı yataqlar mübahisəli yataqlardır, burada səhvə yol verirlər. Xəzərin hüquqi statusu məsələsində ən neqativ mövqeni İran tutur. Eyni mövqeni İran Türkmənistana qarşı da göstərir. Xəzərin hüquqi statusu ilə bağlı yekun konvensiyanın imzalanmaması Tehranla Aşqabadın qəbul edilməz neqativ hərəkətlərilə bağlıdır. Xəzər regionunda neft-qaz yataqlarının birgə işləməsi məsələsinə gəldikdə, bununla bağlı ARDNŞ-lə İranın Milli Neft və Qaz Şirkəti arasında müəyyən anlaşma ola bilər. Bir neçə ay öncə ARDNŞ-in birinci-vitse prezidenti Xoşbəxt Yusifzadənin rəhbərliyilə İrana edilən rəsmi səfər zamanı bu ölkənin Milli Neft və Qaz Şirkətinin nümayəndələrilə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. ARDNŞ-in quruda, həm də dərin su yatağında geoloji kəşfiyyat və hasilat işləri aparmaqla bağlı geniş təcrübəısi var. Eyni zamanda, ARDNŞ-in investisiya portfeli də genişlənir. Bu yaxınlarda dövlət başçısı İlham Əliyevin Macarıstana səfəri ərəfəsində birmənalı şəkildə bildirdi ki, hazırda ölkəmizin enerji sahəsində investisiya portfeli genişlənib. Xarici investisiya imkanlarımız da genişdir. ARDNŞ Azərbaycandan kənar istənilən neft-qaz yatağına investisiya qoymaq imkanına malikdir. Son illər ARDNŞ-in ölkədən kənar, xüsusən də Avropa dövlətlərində həyata keçirdiyi investisiya proqramları buna sübutdur.

Bu gün Türkmənistan Xəzərin Azərbaycan sektorunda "Kəpəz" yatağının ölkəmizə aid olduğunu inkar edir. Amma Bakı Aşqabada həmin yataqda birgə geoloji kəşfiyyat işləri aparmağı, gəlirlərin paritet əsasda bölünməsini təklif edib. İranla bağlı isə Azərbaycanın belə bir mövqeyi yoxdur. Ona görə də, İranla bağlı bu məsələ barədə heç danışmağına dəyməz. Çünki, Xəzərin hüquqi statusunun müəyyən olunmasında İran dənizin dibinin sahilyanı ölkələr arasında bərabər payda bölünməsini istəyir. Belə bir təklif qəbul olunarsa, Xəzərin Astara, Lənkərana yaxın ərazilərdəki yataqlarımızın böyük hissəsi İrana verilməlidir. Ona görə də bu qəbulolunan deyil. Amma digər sahələrdə, Xəzərin İrana aid sektorunda geoloji kəşfiyyat işlərinin aparılması mümkündür. 1991-ci ildən sonra Azərbaycan geoloqları İranın dəvətilə Xəzərin İran sektorunda geoloji kəşfiyyat işləri aparıb. Ölkəmizin geoloqlarının bu sahədə geniş təcrübəsi var. Eyni zamanda, Türkmənistan və Qazaxıstan sektorundakı perspektiv yataqların əksəriyyətinin kəşfi məhz Azərbaycan geoloqlarına aiddir. Sovetlər dönəmində o sahədə geoloji kəşfiyyat işlərini Azərbaycan geoloqları aparıb. Amma Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri gələcəkdə enerji sahəsində geniş əməkdaşlıq perspektivi vəd edir. Bunu İran və Azərbaycan rəsmiləri bəyanatlarda birmənalı şəkildə vurğulayıb".

Azərbaycanın İran neft-qaz sənayesinə investisiya yatırması məsələsinə gəldikdə, Z. Vəliyev bunun mümkün olduğunu söylədi: "İranın nüvə proqramı ilə bağlı "altılığın" son görüşü noyabrın 24-də olacaq. Burada danışıqlar müsbət sonluqla nəticələnəcəksə, onda İrana tətbiq olunan iqtisadi sanksiyalar da aradan qalxacaq, ya da qismən yumşaldılacaq. Belə olan halda İranın neft-qaz yataqları xarici investisiya üzərinə açılacaq. İran hökumətinin tapşırığı ilə bu ölkənin Milli Neft və Qaz Şirkəti kontrakt layihələri hazırlayıb. Onun da fevralda Londonda təqdimat mərasimi keçiriləcək. Təbii həmin mərasimin ana xəttini də İranın neft və qaz yataqlarına xarici investisiyanın cəlb edilməsi məsələsi təşkil edir. İranın bu layihələri cəlbedici olarsa, hökumətlərarası danışıqlarla ARDNŞ də İran yataqlarında geoloji kəşfiyyat və hasilat işlərində iştirak edə, ora investisiya qoya bilər. Necə ki, ARDNŞ Ruminiya, İsveçrə, Türkiyə, Ukraynada investisiya proqramları həyata keçirir, İran istiqamətdə də sanksiyaların götürülməsindən sonra bu mümkündür. ARDNŞ-in buna imkanları var. İranın əsas zəngin neft-qaz yataqları Fars körfəzinə yaxın ərazilərdə, Xuzistan və Loristan vilayətlərindədir. ARDNŞ də orada kommersiya baxımdan sərfəli əsasda investisiya qoyuluşunda iştirak edə bilər. İrandakı sözügedən sahəyə investisiya qoymaq dövlətimizin xeyrinə ola bilər. Bu addımlarla Xəzərin hüquqi statusunun müəyyən olunması istiqamətində də bəzi irəliləyişlərə nail olarıq".