Yeni qlobal maliyyə böhranı gəlir

15 Noyabr 2014 08:42 (UTC+04:00)

Dünya iqtisadiyyatında bitməyən tərəddüdlər yeni qlobal böhranın başlana biləcəyiən dair verilən proqnozların sayının yenidən artmasına rəvac verib. Belə ki, ABŞ-ın "Jerome Levy Forecasting Center" təşkilatı dünyanın növbəti qlobal maliyyə böhranı ilə üzləşmək ehtimalının yenidən yüksək olduğunu açıqlayıb. Bu, o təşkilatdır ki, 2008-c ilin maliyyə böhranın bir il əvvəlcədən proqnoz etmişdi. "Jerome Levy Forecasting Center" budəfəki böhrana səbəb elə ABŞ-ın olacağını göstərir. Bildirilir ki, ABŞ iqtisadiyyatında ləng inkiaşf yeni resessiyaya yol açmaq iqtidarınaddır. Bu isə öz növbəsində dünya iqtisadiyyatında yeni iqtisadi krizisin başlanğıcı olacaq.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, hazırda ABŞ-ın makroiqtisadi göstəriciləri dünyanın digər bölgələrinə nisbətən daha stabildir: "Çünki, 2008-ci il böhranı ABŞ-ın böyük yaradıcı banklarından olan "Lehman Brothers" bankının çökməsindən sonra başladı. Amma hazırda ABŞ-ın makroiqtisadi göstəriciləri daha yüksəkdir. ABŞ-da işsizlik 5.6%-dir. Bu da son ilin ən aşağı göstəricidir. ÜDM-nin artım tempi təxminən 3%-ə qədər yüksəlib. Halbuki, 2008-2009-cu illərdə bu göstərici 0%-ə yaxın idi. ABŞ-ın böhrandan belə tez çıxmasının səbəbi bir çox parametrlərlə bağlıdır. Əsas parametrlər Federal Rezerv Sisteminin təvil-alım proqramları idi. ABŞ biznesə təşviq proqramları fonunda hər ay 85 milyard dollara yaxın vəsait qoyurdu. Bundan başqa, 2009-cu ildən başlayaraq ABŞ-da şist qazı və şist nefti inqilabı baş verdi. ABŞ qaz hasilatında Rusiyanı da keçərək dünyada birinci yerə çıxdı. İndi də istehlak etdiyi neftin 90% civarını özü hasil etməyə başlayıb. Bu ilin sonuna qədər hasilatda dünyada 2-ci yerə qalxacaq. Yəni, ilkin olaraq ABŞ-da böhranlı vəziyyətin yaranacağı görünmür. Sadəcə, bir çox analitik şirkətlər xəbərdarlıq edirlər ki, həm ABŞ-ın uçot dərəcəsini qaldırması, həm də təhvil-alım proqramını dayandırması ABŞ iqtisadiyyatına mənfi təsir göstərə bilər. Çox güman ki, böhranla bağlı edilən pronozlar bundan yaranıb. Amma bir iqtisadçı olaraq bu fikirləri bölüşmürəm. Əgər təhlükə varsa, bu, bu dəfə ABŞ-dan olmayacaq. Ən pis vəziyyət Avropa Birliyi ölkələrindədir. Onların iqtisadi artımı sıfır səviyyəsindədir, ÜDM-ə nisbətən borcları artır. Əgər ciddi iqtisadi proqramlar həyata keçirməsələr, Avropa Birliyi ölkələrində iqtisadi tənəzzülün davam etməsi daha real görünür. Digər önəmli məsələ odur ki, Çində də iqtisadi aktivlik azalıb. Birincisi, Çin iqtisadiyyatı o qədər böyük sürətlə artdı ki, onun davamlı olması çətinləşdi. İkincisi, Avropa və ABŞ-da daxili tələb azaldı. Bu da ixracatda ilk yeri tutan Çin iqtisadiyyatının böyüməsinə mənfi təsir göstərdi. Bu faktorlar gələcəkdə iqtisadi böhrana təkan verə bilər".

Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə ölkə Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunan iqtisadçı Pərviz Heydərov hesab edir ki, dünya iqtisadiyyatında vaxtaşırı olaraq böhranlar olub və olacaqdır: "Bu da iqtisadiyyatın aparıcı ölkələrində ortaya çıxan problemlərlə əlaqədar baş verir. Məsələn, 2008-ci ildə yaranan böhran ABŞ-da ipoteka kreditlərdişməsi ilə bağlı oldu. Düzdür, burada siyasi amillərin də rolu oynadığı deyilir. Ancaq fakt budur ki, bilavasitə Avropa iqtisadiyyatı həmin böhranın dalğasından aldığı zərbədən hələ də "ağrı" hiss edir. Ona görə də təsadüfən demirlər ki, Vaşinqton "soyuqdəymədən asqıran kimi" Avropa artıq "qripdən əziyyət çəkməyə" başlayır. Yəni, dünya iqtisadiyyatının barometri rolunda bu gün ABŞ, Çin, Yaponiya və Avropa Birliyi ölkələrinin iqtisadiyyatları çıxış edir. Hazırda okeanın o tayında iqtisadi göstəricilər müsbət istiqamətdə inkişaf edir. Çin iqtisadiyyatında isə geriləmə var. Neftin qiymətinin düşməsinin bir səbəbi də bununla əlaqədardır. Bu gün Rusiya başda olmaqla bir çox ölkələr bundan əzyyət çəkirlər. Dünya iqtisadiyyatına ciddi təsir gücünə malik ölkələr hələ ki ABŞ, Çin, Yaponiya, Cənubi Koreya, Avropada isə Almaniya, İngiltərə və Fransadır. Bu ölkələr vəziyyət mənfi istiqamətdə hədsiz dərinə işlədikdə müvafiq konsensusa gələ bilirlər. Hətta buna məcbur kimi görünürlər. Ancaq onlar arasında ciddi rəqabət var. Bu, açıq müstəviyə keçərsə, digər ölkələri ciddi "fəlakət" qarşılaya bilər. Hesab edirəm ki, 2025-ci ilədək bu, gözlənilmir. Dünya iqtisadiyyatı ABŞ-ın nəzarətindən çıxarsa, bu, qaçılmaz olacaq".