Çuryumov-Gerasimenko kometi öz sirrlərini açmağa başladı

15 Noyabr 2014 09:15 (UTC+04:00)

Çuryumov-Gerasimenko kometinə enən Philae tədqiqat modulu alimlərə yaxşı keyfiyyətdə ilk fotoşəkil göndərib. Fotoşəkildən məlum olur ki, kometin nüvəsinin səthi çatlarla örtülmüş təpəlikdir. Amma hələlik onun bərk və ya boş olduğunu demək çətindir. Bu barədə Avropa Kosmik Agentliyinin mətbuat konfransında bildirilib. Həmçinin yaranan texniki problemlər barədə də danışılıb.

Əgər iki gün əvvəl "Rozetta" kosmik aparatı elm dünyasını Çuryumov-Gerasimenko kometinin 3 kilometrdən çəkilmiş fotoşəkli ilə heyrətləndirmişdisə, bu gün sevinmək üçün səbəb daha çoxdur. "Rozetta"dan ayrılmış Philae laboratoriya modulu kometin səthinə enə bilib və tədqiqata başlamağa hazırdır. Bu isə o deməkdir ki, bəşəriyyət yaxın vaxtlarda Yerdə həyatın yaranması haqda təsəvvürləri kökündən dəyişdirə bilən informasiya alacaq.

"Komet nüvəsi Günəş sisteminin yarandığı maddənin, o cümlədən Yerin yarandığı maddənin və ola bilər ki, Yerdə həyatın yaranması üçün ilkin material rolunu oynamış maddənin qalıqlarıdır. Əlbəttə, tarixi mənbələri, öz keçmişimizi dünyagörüşü baxımından bilmək, 4,5 milyard il əvvəlki keçmişimizə baxmaq çox maraqlıdır"- rusiyalı alim Dmitri Vibe bildirib.

"Rozetta" kometə 10 il ərzində çatıb. O, elm dünyasında qısaca olaraq P67 adlanan bu səma cismini tutmaq üçün çətin və dolanbac yol keçib, yanacağa qənaət edib və bu zaman Marsın cazibə qüvvəsinin"əsirliyi"nə düşməməyə çalışıb. Amma kometə enmək də tam uğurlu alınmayıb. İş ondadır ki, P67 səthi çox bərk qara süxurları ilə buz qarışığından ibarətdir. Orada temperatur mənfi 70 dərəcədən aşağıdır. Nəticədə aparatın səthdə bərkidilməsi üçün nəzərdə tutulan qarmaqlar işləməyib.

"Bu gecə şifrəsi açılmış telemetriya məlumatlarına görə, kosmik aparat səthə çarpılıb, bir neçə dəfə aşıb, lakin hər halda üç ayağı üstündə dayana bilib. Və onun antenası aparatın orbital enmə tərəfinə istiqamətlənib, yəni informasiya ötürə bilir, lakin o, öz cihazları vasitəsilə informasiya ötürə və səthdə tədqiqat apara, o cümlədən burğudan istifadə edə və səthin kimyəvi tərkibini tədqiq edə biləcəkmi- hələlik məlum deyildir"- "Kosmonavtika yenilikləri" (Rusiya) jurnalının baş redaktoru İqor Marınin bildirib.

Başqa sözlə, istənilən məqamda pis bərkidilmiş aparat kometdən ayrıla və tədqiqatın aparılması mümkün olmaya bilər. Amma Avropa Kosmik Agentliyinin alimləri nikbin əhval-ruhiyyədədir. Dünən keçirilən mətbuat konfransında onlar bəyan ediblər ki, aparat diametri 500 m olan kifayət qədər yastı sahəyə enib. Bu isə tədqiqatın əvvəlcədən planlaşdırıldığı yerə çox yaxındır.

"Aparatın orada möhkəmlənməsi üçün bəzi manevrlər etmək lazımdır. Indi Philae-nin bir ayağı şaquli istiqamətdə, iki ayağı isə səthin üzərindədir. Biz modulun vəziyyətini dəyişdirəcəyik. Yaxın vaxtlarda işıqlanlanmanı gücləndirəcəyik və günəş batareyalarını daha yaxşı istiqamətləndirməyə çalışacağıq, həmçinin burğu və digər cihazları işə salacağıq"- Philae modulunun aparıcı əməkdaşı Jan Pyer Bibrin bildirib.

Philae-nin təchiz olunduğu cihazlar təkcə kometin səthini tədqiq etməyəcək. "Rozetta" və onun modulundakı radiolokasiya sistemi kometin bu tərəfindən o biri tərəfini işıqlandıra və onun daxili strukturu barədə informasiya ala bilir. Bir sözlə, əgər hər şey qaydasında gedərsə, bəşəriyyət öz mənşəyi haqqında çox qiymətli məlumatlar ala bilər və əgər bu dəfə alınmazsa, qiymtli təcrübədən sonralar dəfələrlə istifadə etmək olar. Və hər halda tarixdə ilk dəfə insanın hazırladığı aparat kometin üzərinə düşüb.