Güc faktoru Ermənistanı daha çox sarsıtmaqdadır
15 Noyabr 2014 10:00 (UTC+04:00)
Noyabrın 12-də Azərbaycanın işğal olunmuş ərazisindən
postlarımıza hücuma keçməyə cəhd göstərən Ermənistana məxsus
helikopterin vurulması bir daha Azərbaycan Ordusunun gücünü düşmən
tərəfə göstərdi. Həmin helikopterin cəmi bir atəşlə vurulması
Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərimizin yüksək
peşəkarlığa sahib olduğunu da ortaya qoydu. Erməni işğalçıları bir
sözlə, yenidən əyani şəkildə ordumuzun gücünü hiss etdi. Həqiqətən
də son illər Azərbaycan Ordusu peşəkarlıq və hərbi sirlərə
yiyələnmək baxımından ciddi uğurlara nail olub. Son hərbi
təlimlərdə nümayiş etdirilən peşəkarlıq səviyyəsi, təlim zamanı
müəyyənləşən obyektlərin sərrast vurulmasının nəticəsidir ki,
ordumuzun əsgəri düşmən helikopterini bir atəşlə vurub yerə saldı.
Bütün bunlar Ermənistana bir daha Azərbaycanın hərbi gücünü
göstərdi. Bunun nəticəsidir ki, ermənilər Azərbaycan ordusunun
gücünü, hərbi üstünlüyünü növbəti etiraf etməli olublar.
Maraqlıdır, bu hal Dağlıq Qarabağın həll prosesinə nə vəd edir?
Başqa bir tərəfdən, indiyə kimi, Ermənistan hər dəfə məsələ
müzakirə olunanda konstruktiv mövqe sərgiləməkdən yayınıb. Belədə
mövcud status-kvonu uzatmağa çalışıb. Lakin Ermənistana məxsus
helikopterin vurulmasından sonra bu İrəvanın danışıqlar prosesində
konstruktiv mövqeyə gəlməsinə təsir edə bilərmi?
Fazil Mustafa: "Ermənilər artıq bu məsələdə
Azərbaycanla hər hansı bir şəkildə mübarizə aparmaq imkanlarını
itirdiklərini bilirlər"
Millət vəkili Fazil Mustafa düşünmür ki, helikopterin vurulması
erməni işğalçılarının konstruktiv mövqeyə gəlməsinə təsiri olsun:
"Hərbi baxımdan Azərbaycan Ordusunun güclü olduğu bəlli idi.
Sadəcə, bunu reallaşdırma yollarını belə epizodlarla göstərməliyik,
necə ki, göstərdik. Bütün hallarda, ermənilər artıq bu məsələdə
Azərbaycanla hər hansı bir şəkildə mübarizə aparmaq imkanlarını
itirdiklərini bilirlər. Ona görə də çalışmalıyıq ki, bu
üstünlüyümüzü davam etdirək. Amma bununla belə zənn etmirəm ki,
həmin hadisənin Ermənistanın danışıqlar prosesində konstruktiv
mövqeyə gəlməsinə təsiri olsun. Onlarda belə bir mövqeyə gəlmək
düşüncəsi yoxdur. Bu səbəbdən də həmin məsələdə hər hansı bir
şəkildə yenilik gözlənilmir. Amma bütün hallarda çalışmalıyıq ki,
situasiyanı dəyişək".
Sahib Alıyev: "Azərbaycanın atdığı addım da
göstərdi ki, ölkəmiz istənilən zaman işğalçı ordunun qüvvələrini
darmadağın edə bilər"
Millət vəkili Sahib Alıyev isə qeyd etdi ki, helikopter məsələsi
erməni təxribatı idi və Azərbaycan Ordusu onun qarşısını qətiyyətlə
aldı: "Fikrimcə, vertolyotun vurulması təkcə ermənilər üçün deyil,
dünya üçün bir mesajdır. Bu mesajın arxasında o dayanır ki,
Azərbaycan daha 20 il də öz torpaqlarının işğal altında qalması
faktı ilə barışmayacaq. Vertolyot məsələsi erməni təxribatı idi.
Onlar bilərəkdən öz zabitlərini qurbanlıq qoyun kimi Azərbaycan
mövqelərinin üstünə göndəriblər, özü də bilə-bilə ki, onlar
vurulacaq. Bununla onlar daxildəki narazılığın səmtini başqa
istiqamətə, Azərbaycana qarşı yönəltmək istəyiblər. Ermənistan
sülhə hazır deyil. Ona görə də belə insidentlər yaratmaqla
çalışırlar ki, prosesin uzadılmasına haqq qazandırsınlar. Lakin
Azərbaycanın atdığı addım da göstərdi ki, ölkəmiz istənilən zaman
işğalçı ordunun qüvvələrini darmadağın edə bilər. Sadəcə,
Azərbaycan sülhün yanındadır, əlavə insan itkisinə yol açmamaq üçün
məsələnin danışıqlar yolu ilə həllini istəyir. Amma bu faktın özü
bir daha onu ortaya qoydu ki, istənilən an savaş baş qaldıra bilər.
Azərbaycan nə məqsədlə edilib-edilməsindən asılı olmayaraq, indidən
sonra bu cür təxribatların qarşısını qətiyyətlə kəsəcək".
Rüstəm Məmmədov: "Ermənistanın konstruktiv
mövqeyə gəlməsi qeyri-mümkündür, çünki, onun arxasında dayanan
başqa qüvvə var"
Siyasi şərhçi, professor Rüstəm Məmmədov da ermənilərin sözügedən
olaydan sonra konstruktiv olacağına inanmır: "Helikopterin
vurulması fonunda belə Ermənistanın danışıqlar prosesində hansısa
bir konstruktiv mövqeyə gəlməsi qeyri-mümkündür. Çünki, bu
məsələnin arxasında dayanan başqa qüvvə var. Həmin qüvvə də bu gün
məsələni diqtə edir".