"AŞPA-da Azərbaycanla bağlı məsələ müzakirə edilməyib"
15 Noyabr 2014 17:01 (UTC+04:00)
Noyabrın 14-də Avropa Şurasının Parisdəki ofisində Avropa
Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin iclası
keçirilib.
İclasda "Monako ilə pozitiv dialoq"un, Bosniya-Herseqovinada,
Ukraynada və Bolqarıstanda keçirilən parlament seçkilərinin
nəticələri müzakirə olunub, Moldova üzrə həmməruzəçilərin bu ölkəyə
səfərləri ilə bağlı məruzələr dinlənilib.
Movqe.az Azərtaca-a istinadən xəbər verir ki , Azərbaycanın
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd
Seyidov iclasda müzakirə olunan məsələlərlə bağlı AzərTAc-a
müsahibəsində deyib: "Komitədə bir çox məsələ müzakirə olundu. Amma
Azərbaycan ilə bağlı hər hansı məsələnin müzakirəsi gündəlikdə
nəzərdə tutulmamışdı. Buna baxmayaraq Azərbaycan nümayəndə
heyətinin üzvləri müzakirə olunan məsələlərə münasibət bildiriblər
və qeyd ediblər ki, ölkəmizin mövqeyi nəzərə alınmalı,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi nəzarət
altında olmalıdır".
Komitə sədri bildirib ki, son zamanlar dünya ictimaiyyətinin
diqqətini münaqişədən yayındırmağa cəhd edən ermənilər tərəfindən
təxribat halları çoxalıb. İki gün əvvəl Azərbaycan hava
sərhədlərini pozan və dinc əhalini vahiməyə salan helikopterin
vurulması ətrafında ermənilərin qaldırdığı hay-küyü buna misal
göstərmək olar. Bütün bunların hamısı çox ciddi məsələlərdir. Ona
görə də biz, Monitorinq komitəsində bu və digər məsələləri daima
gündəmdə saxlayırıq.