Ukrayna Moskvaya xəbərdarlıq etdi

15 Noyabr 2014 18:00 (UTC+04:00)

"Ukrayna Donbas hövzəsi üzərində nəzarətini hərbi olmayan vasitələrlə bərpa etmək niyyətindədir".

Movqe.az-ın publika.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Ukrayna xarici işlər naziri Pavel Klimkin Almaniyanın "Rheinische Post" nəşrinə müsahibəsində deyib.

"Hərbi əməliyyatlar dinc əhaliyə, Ukraynanın vətəndaşlarına zərər verəcək. Bu onlar üçün olduqca ağır olardı", - deyə ukraynalı nazir bildirib.

P.Klimkinin sözlərinə görə, münaqişə zonasında barışığın pozulmasına baxmayaraq, Ukrayna hakimiyyəti Minsk razılıqlarına tərəfdar olmaqda davam edir. Nazir müsahibəsində həmçinin bildirib ki, Ukrayna Krımın qaytarılması üçün siyasi və hüquqi vasitələrlə mübarizəsini davam etdirəcək.

Qeyd edək ki, Ukraynanın şərqində hərbi əməliyyatlar 2014-cü ilin aprelində başlanıb. Separatçılar Donetsk və Luqansk vilayətlərinin bir hissəsi üzərində nəzarətini bərpa edərək "xalq respublikaları" adlı qondarma qurumlar yaradıb. Kiyev iddia edir ki, Rusiya separatçılara hərbi texnika və canlı qüvvə dəstəyi verir. Moskva isə bu iddiaları rədd edir.

Sentyabrın 5-də tərəflər arasında Minskdə barışıq əldə olunsa da, atəşkəs mütəmadi pozulur.