BMT təyyarəsi qəzaya uğrayıb: ölənlər və yaralı var
16 Noyabr 2014 09:55 (UTC+04:00)
Birləşmiş Millətlər Təşkilatınn (BMT) ərzaq yardımı daşıyan
təyyarəsi qəzaya düşüb.
Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, Cənubi
Sudanın şərqindəki Conqley əyalətində BMT-nin agentliyi olan Qida
və Kənd Təsərrüfatı Təşkilatının "Hawker Siddeley HS 748" tipli yük
daşıyan təyyarəsinin qəza keçirməsi nəticəsində 2 nəfərin öldüyü,
bir nəfərin isə ağır xəsarət aldığı bildirilir.
Conqley informasiya və telekommunikasiya naziri Cudi Conqley
verdiyi açıqlamada ölkədəki qarşıdurmalardan qaçaraq canını
qurtaran Panyaqor bölgəsindəki insanlara yardım payı aparan
təyyarənin düşdüyü xəbərini verib. Nazir təyyarədə həlak olanların
hansı ölkənin vətəndaşı olması barədə açıqlama verməyib.
Qeyd edək ki, 2013-cü ilin dekabrından bəri Cənubi Sudanda hökumət
qüvvələri ilə Riek Maçara bağlı silahlı qruplar arasında
qarşıdurmalar yaşanır və bu hadisələr zamanı da dinc sakinlər
xəsarət alır, ya da öldürülür.