Müəllimlərin maaşı artır

17 Noyabr 2014 16:07 (UTC+04:00)
"3 övladım var. Özüm də idman müəllimi işləyirəm. Aldığım maaşla ailəmi dolandırmaq çətindir. 250 manat maaşla övladlarımın xərclərini ödəməyim mümkün deyil. Buna görə də məcbur qalıb məktəbdən sonra restoranda ofisant işləyirəm".

Adının açıqlanmasını istəməyən müəllim bunu ANS PRESS-in "qaynar xətti"nə müraciətində deyib. O, gecə saat 11-ə kimi başqa yerlərdə işləyərək əlavə qazanc əldə etdiyini deyir. Müəllimlikdən qazandığı pulla yalnız kommunal və bir neçə digər xərclərini ödədiyini deyən ailə başçısı vəziyyətinin çətin olduğunu söyləyir.

Ekspertlər isə məsələ ilə bağlı bir sıra təkliflərlə çıxış edirlər. Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü ANS PRESS-ə açıqlamasında mövcud vəziyyətdən çıxış yollarını göstərib. Mütəxəssisin fikrincə, müəllimin maaşı təkcə onun yeməyini təmin etməməlidir. Onun sözlərinə görə, maaşlar bazar qiymətlərinə uyğun şəkildə təhlil edilərək artırılmalıdır:

"Müəllimlərin maaşı hər 12 saata görə 450-500 manat olmalıdır. Hazırda təcrübəsi olmayan müəllim üçün bu rəqəm 150 manat, təcrübəli müəllim üçün isə 200-210 manatdır. Bu maaş isə müəllimin tələblərinin heç yarısını ödəmir. Müəllimlərimizin bir çoxu ikinci, üçüncü işlə məşğul olmağa məcbur olurlar. Bəziləri restoranlarda çalışır, bəziləri isə baxıcılıq edir. Yəni, sosial xidmətlərdə çalışan müəllim ailəsini dolandırmağa çalışır. Bu isə təlim işinə birbaşa təsir edən amillərdir. Normal maaş olsa müəllim işinə vicdanla, var gücü ilə yanaşar. 1 həftədə müəllim maksimum 24 saat dərs yükünə malikdir. Müəllim çatışmayan bölgələrdə isə bu rəqəm bəzi hallarda 36 saata çatır". 

Ekspert qeyd edir ki, repetitorluqla məşğul olan müəllim normal maaş alarsa onun əlavə işləməyə ehtiyacı qalmaz. Repetitorluğun ağır iş olduğunu deyən mütəxəssis hazırda müəllimin buna məcbur olduğunu deyir. Yerli özəl məktəblərdə vəziyyətin tamam fərqli olduğunu deyən Məlahət Mürşüdlü yaxşı maaş olan müəllimlərin daha effektiv təshil verdiyi söyləyir: 

"Özəl məktəbdə bütün tədris prosesi məktəbin içində gedir. Bu isə sonda müsbət nəticə verir. Əgər dövlət məktəblərində də maaş normal olarsa, o zaman yuxarı sinif şagirdlərini məktəblərə qaytarmaq mümkün olar. Əgər müəllimin keyfiyyətli təhsil verməsini istəyiriksə, onlara normal əmək haqqı verilməlidir. Belə olan halda tədris keyfiyyəti artacaq, bununlada şagirdin heç repititor yanına getməyinə ehtiyac qalmayacaq. Sonda isə həm valideynlərin pulu cibində qalacaq, həm də müəllim normal qazanc əldə edəcək", - deyə ekspert söyləyib.

Qeyd edək ki, 2015-ci il üzrə Dövlət Büdcəsində müəllimlərin maaşının artırılacağı nəzərdə tutulub. Dövlət Büdcəsində sosial layihələrin payı 27% təşkil edir və bura əməkhaqqılar da daxildir. Maaş artımı həmçinin həkimlər və dövlət qulluqçuları üçün də nəzərədə tutulub. Ötən il ölkə başçısının sərəncamı ilə maaşlar 10 faiz artırılmışdı. Bunu nəzərə alsaq bu il də artımın həmin civarlarda olacağına ümid etmək olar.