Əhali banklara daha çox kredit faizi verməyə başlayıb

18 Noyabr 2014 07:30 (UTC+04:00)

Azərbaycanda getdikcə daha çox şəxsin bankdan borc götürməsi heç kimə sirr deyil. Elə bunun nəticəsidir ki, banklara getdikcə daha çox həcmdə vəsait ödənilir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycan əhalisi 10 ay ərzində kredit təşkilatlarına təxminən 821 milyon manat kredit faizi ödəyib. Belə ki, cari ilin yanvar-oktyabr aylarında ölkə əhalisi tərəfindən əldə edilmiş 30,4 milyard manatlıq gəlirin 2,7 faizi və ya 820,8 milyon manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Halbuki, ötən ilin eyni dövründə əhali 29,1 milyard manatlıq gəlirin 1,7 faizini və ya 495 milyon manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib. Yəni, əhalinin kreditlər üzrə faizlərin ödənilməsinə sərf etdiyi vəsait 326 milyon manat və ya 66% artıb.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev "Mövqe" yə bildirdi ki, 2014-cü ilin ilk 10 ayında əhali tərəfindən götürülmüş kreditlərin həcmi də genişlənib: "Bu müddət ərzində 17 milyard 631.6 milyon manatlıq kredit vəsaiti götürülüb. Buna uyğun olaraq, vaxtı keçmiş kreditlərin həcmi də əvvəlki illərə nisbətən artıb. Problemli kreditlərin həcmi 1 milyard manata çatır. Buna səbəb ildən-ilə əhalinin bank vəsaitləridən istifadəsinin genişləməsidir. Əhali borc vəsaitinə daha çox üstünlük verir. Digər tərəfdən bu, həm də bank sektoruna inamın artmasına bağlıdır. Həmçinin, banklar özləri bazarda vəsait artırmağa meyllidir. Ona görə də götürülən vəsaitə nisbətdə ödənilən vəsaitlərin həcmi artıb. Burada eyni zamanda Mərkəzi Bankın kredilərin verilməsi ilə bağlı şərtlərinin sərtləşdirilməsini də səbəb kimi göstərə bilərik. Şərtlərin sərtləşməsi ödəmə qabiliyyəti yaxşı olan müştərilərə vəsaitin verilməsini ön plana gəlib çıxarıb. Kreditlərin əsasən ödəmə qabiliyyəti yüksək olan müştərilərə verilməsi həmin kreditlərin qaytarılmasının həcmini də artırıb. Həmçinin, cari ilin sonuna qədər kommersiya bankları öz vəsaitlərini toplmağa daha çox meyl edirlər. Bu da verilən kredilərə görə vəsaitlərin geri alınmasının həcmini genişləndirir. Məlumdur ki, bu il banklar nizamnamə kapitallarını 50 milyon manata çatdırmalıdırlar. Bu baxımdan banklar öz vəsaitlərini toplamaqda daha maraqlıdırlar. Bütün bu amillər dövri olaraq verilən kreditlərə nisbətdə faizlərə görə ödəmələrin həcmin artmasına gətirib çıxarır".

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının idarə heyətinin sədri Ayaz Quliyev qəzetimizə bildirdi ki, kreditlərin əksəriyyətinin qayıdan hissəsi istehlak kreditləridir: "Əhalinin götürdüyü kreditlərinin vaxtı çatan hissəsinin artması ilə yanaşı, əhalinin kreditə tələbatı də artır. Yəni, borcun geri qaytarılan hissəsi artıbsa, burada əhali tərəfindən götürülən kreditlərin də həcmi artıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin götürdüyü kreditlərin həcmi iki dəfədən çox artıb. Əhalinin kreditə olan tələbatı da artır. Ona görə də vaxtı çatmış kreditlərin qaytarılmasında artım tempi var. Belə olanda eyni zamanda problemli kreditlərin həcmində də artım yaşanır. Bunun da əksəriyyəti istehlak kreditlərin payına düşür. Ümumiyyətlə, ölkədə ən çox problem yaradan istehlak kreditləridir".

Ayaz Quliyevin fikrincə, növbət il insanlar əsasən real sektora və kənd təsərrüfatına meyl edəcəklər: "Yəni, istehal kreditindən çox real sektora tələb artacaq. Amma istehlak kreditlərin həcmi kəskin azalacaq".