İkili standartlar Qarabağ münaqişəsinin həllində böyük maneəyə çevrilir

18 Noyabr 2014 08:55 (UTC+04:00)

Noyabrın 12-də Azərbaycan Ordusu tərəfindən cəbhə zonasında mövqelərimizə hücuma keçməyə hazırlaşan Ermənistana məxsus hərbi helikopterin vurulması hadisəsi nədənsə bir çox beynəlxalq dairələr tərəfindən həssaslıqla qarşılanıb. Onlar başqa bir ölkəyə məxsus hərbi helikopterin digər ölkənin ərazisində qanunsuz olaraq uçuşuna toxunmadan sadəcə, baş verən hadisədən əndişələndiklərini nümayiş etdirirlər. Həmin qüvvələr bu ərəfədə Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ ərazisinə qanunsuz olaraq gəlməsinə isə nədənsə hər hansı bir reaksiya göstərmirlər. Halbuki, Sarkisyan torpağına ayaq basdığı dövlətin icazəsi olmadan onun ərazisinə daxil olub. Digər tərəfdən, atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan tərəfi onu mütəmadi olaraq pozur. Bu hadisəyə də hələlik beynləxlaq birlik lazımi reaksiya göstərmir.


Aydın Ağayev: "Helikopterin vurulması faktına münasibət bildirən həmin dairələr niyə onu demir ki, o, harada vurulub?"


Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, dünyanın bəzi məkanlarında sözügedən problemə yanaşmada mövcud olan bu münasibət ikili standartlardan doğur: "Dünyada mövcud olan belə bir reaksiyanın xarakteri bizə bəllidir. Qanunsuz olaraq Azərbaycan səmasında ucan helikopterin vurulması hadisəsinə həmin xarici münasibət bizi qane etmədi və edə də bilməz. Azərbaycan tərəfi dərhal ona öz münasibətini bildirdi. Bizi qane etməyən bu münasibət bütövlükdə problemə münasibətdə ölkəmizi razı salmayan, barışmadığımız yanaşmanın mahiyyətindən doğur. Yəni, həmin münasibətin mahiyyətindən irəli gəlir. Bunu da xüsusi şərh etməyə dəyməz. Bu kimi hallar dünən və ya sırağagün olmayıb. İllər boyu həmişə belə bir münasibətin şahidi olmuşuq. Həmişə də buna narazılığımızı bildirmişik. Adına da ikili standart demişik, indi də həmin münasibətdir ki, rastlaşmışıq. Helikopterin vurulması faktına münasibət bildirən həmin dairələr niyə onu demir ki, o, harada vurulub? Nə üçün Azərbaycanın daxili ərazisində təmas xətti qurulub, cəbhə xətti yaranıb? Hansı dövlət bununla barışar? Azərbaycan məcbur olub öz ərazisində daxilində özünü müdafiə edir, erməni gəlib bizimlə üz-üzə durub. Niyə buna münasibət bildirmir, niyə bu faktı görmür və ya görmək istəmirlər? Bunlar bizə aydındır. Azərbaycanın tələbi də tutduğu mövqeyilə əsaslandırılır. O da ondan ibarətdir ki, Azərbaycan ərazisində olan xarici dövlətə məxsus ordu, hərbi qüvvə mütləq və mütləq çıxmalıdır. Azərbaycanda bir nəfər də olsun, Ermənistan əsgəri qalmamalıdır. Ölkəmizi razı salmayan yanaşmanın müəllifləri, onu səsləndirənlər niyə bu məsələni diqqətə almırlar? İndiyə kimi nə baş veribsə, elə bil ki, onu reallıq kimi qəbul edirlər. Biz isə onu qəbul edə bilmərik. Sanki, bu hadisə Azərbaycanla Ermənistanın dünya tərəfindən qəbul olunan sərhədlərində baş verib. Azərbaycan öz ərazisi daxilində məcbur olub bunu edib. Bununla da onlara göstərmişik ki, mövcud vəziyyətlə, ermənilərin hər gün etdikləri bu kimi provokasiyalarla barışmayacağıq. Ona görə də bu iradə nümayiş etdirildi. Bunun da nəticəsini qoy birinci ermənilər çıxarsın. İkinci isə onlara himayədarlıq göstərən beynəlxalq təşkilatlar, xarici dövlətlər bu nəticəni çıxarsınlar. Azərbaycanı hər an müharibə təhlükəsilə qorxudurlar. Azərbaycan nə etməlidir? Sülh danışıqları olmalıdır deyirlər, buna gedirik, amma nəticəsi yoxdur. Hamı da bilir ki, nəticə nəyə görə yoxdur. İllərlə oturub gözləyən deyilik ki, haçansa nəsə olacaq. Azərbaycan öz ərazisi, suverenliyini müdafiə etməyə qadir olmalıdır və qadirdir.

Bu məqam ümumi problemə münasibətdə olan yanaşmanın mahiyyətindən irəli doğan və ölkəmizi qətiyyən qane etməyən, heç zaman da qane etməyəcək yanaşmadır. Bu yanaşma o halda dəyişə bilər ki, beynəlxalq aləmdə desinlər ki, Azərbaycan ərazisinin bir hissəsində olanlar işğalçı qoşunlardır və ölkəmizin suverenliyini pozublar. Azərbaycan məcbur olub beynəlxalq aləm tərəfindən tanınan öz ərazisində özünü müdafiə edir. Belə münasibət olarsa, bu kimi suallar da üzə çıxmaz".


Akif Nağı: "Bu həmin qurumların ikiüzlü və ikili standart siyasəti yeritmələrinin bariz nümunəsidir"


Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da məsələnin kökündə ikili standart yanaşmasının dayandığını söylədi: "Hazırda biz beynəlxalq güclərin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə sərgilədikləri ikili standartlara etiraz olaraq, habelə əsir və girovlarımızın geri qaytarılması tələbilə bağlı aclıq aksiyası keçiririk. Beynəlxalq təşkilatların helikopterin vurulmasına həssa yanaşması, amma ermənilərin hər gün atəşkəsi pozması faktlarına münasibətdə reaksiya nümayiş etdirməmələri həmin qurumların ikiüzlü və ikili standart siyasət yeritmələrinin bariz nümunəsidir. Onlar heç bir reaksiya vermək istəmirlər ki, hansı haqla, hüquq və məntiqlə Ermənistanın terrorçu prezidenti və müdafiə naziri heç nə olmamış kimi Dağlıq Qarabağa gəlib burada görüş və müşavirə keçirir. Buna nə ad vermək olar? Bu məsələdə beynəlxalq təşkilatlar artıq o dərəcədə ikiüzlü mövqe tutublar ki, özlərinə də deməyə artıq bir söz yoxdur. Azərbaycan tərəfindən dəfələrlə müraciət olunub ki, bunun qarşısı alınsın. Amma heç bir reaksiya verilmir. Neçə ola bilər ki, ermənilər Dağlıq Qarabağ ərazisinə öz əraziləri kimi gəlib getsinlər? Hesab edirəm ki, beynəlxalq təşkilatlar ikili standart mövqeyindədir və artıq onların bu mövqeyinə fikir vermək lazım deyil. Belə hərəkətlərilə həmin beynəlxalq qurumlar Azərbaycan cəmiyyətini son addım atmaq səviyyəsinə gətirib çıxarıblar".


Xanhüseyn Kazımlı: "Bütün bunlar haqsızlıq və ikili standartların nəticəsidir"


Millət vəkili Xanhüseyn Kazımlı da bu qənaətdədir ki, yaranmış bu vəziyyət haqsızlığın baş alıb getməsinin nəticəsidir: "Ermənilər atəşkəsi pozmaqla yanaşı, sərhəd pozuntusuna da yol verirlər. Ona görə, Azərbaycan vertolyot məsələsində də atdığı addım tamamilə doğrudur. Tezliklə Azərbaycan İrəvan xanlığı, Zəngəzurdan üzü bəri öz ərazilərini, Qarabağımızı işğaldan azad etməlidir. Dünyada ikili standartlar mövcuddur, vardır. BMT-nin elə qətnaməsi var ki, 24 saat ərzində icra olunur. Amma Azərbaycan ərazisindən işğalçı qoşunların çıxarılmasına dair qurumun 4 qətnaməsi bu günə qədər də icra olunmayıb. Belə vəziyyətin yaranması isə ikili standartların, yanaşma müxtəlifliyinin, diskriminasiyanın olmasının nəticəsidir. Qərbin Azərbaycana, islam dünyasına ikili standartlarla yanaşması hələ də davam edir və burada təəccüblü heç nə yoxdur. Göstərilən münasibət ikili standart və fərqli yanaşmaların nəticəsidir. Onlar Azərbaycanın 1,2 milyona qədər qaçqınının haqqı müdafiə etmirlər. Amma sərhədi pozan hər hansı bir vertolyotun vurulmasına beynəlxalq təşkilatların qeyri-adekvat münasibəti dünya ictimaiyyəti tərəfindən qəbul edilməzdir. Bütün bunlar haqsızlıq və ikili standartların nəticəsidir".