Yol polisindən məktəblərin qarşısında avtomobil saxlayanlara ciddi xəbərdarlıq

17 Noyabr 2014 18:00 (UTC+04:00)

Azərbaycanda orta ümumtəhsil müəssisələrində noyabrın 12-dək 17-dək davam edən payız tətili dövründə paytaxtın küçə və prospektlərində tıxacların və nəqliyyatın sıxlığı, eləcə də kiçik maddi zərərlə müşayiət olunan yol qəzalarının sayı azalıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib. Onun sözlərinə görə, dərs günlərində gün ərzində orta hesabla Bakıda 24-25 yol qəzası baş verirdisə, tətil günlərində yol qəzalarının sayı nəzərəçarpacaq qədər azalıb, yollarda hərəkətin intensivliyi isə xeyli artıb, nisbətən rahat və təhlükəsiz hərəkət müşahidə edilib. Bölmə rəisinin fikrincə, orta ümumtəhsil müəssisələrində tətil müddətinin bitməsi və dərs günlərinin yenidən başlaması ilə əlaqədar Bakı şəhərində yerləşən təhsil müəssisələri və onlara bitişik küçə və yollar üzrə avtomobillərin hərəkət intensivliyinin artması ehtimal edilir: "Bakı Şəhər Dövlət Yol Polisi paytaxt ərazisində küçə və yollara yaxın ümumtəhsil müəssisələri qarşısında sıxlığın yaranmaması və həmin ərazilər üzrə digər nəqliyyat vasitələrinin hərəkətinə maneələrin yaranmaması məqsədilə bir daha valideynlərə, avtomobil sahiblərinə, sürücülərə xəbərdarlıq edir ki, noyabrın 18-dən etibarən təhsil müəssisələrinə gedənlərin, şagirdlərin, tələbələrin və digərlərinin təhlükəsizliyinin təmin edilməsi, onların rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə şəxsi avtomobillərlə təhsil müəssisələri ətrafında park etməklə süni sıxlıq yaradan sürücülər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tədbirləri görüləcək".

V.Əsədov qeyd edib ki, məktəblərin yerləşdiyi əraziyə bitişik küçə və yollarda dayanmanı, durmanı, parklanmanı qadağan edən nişanların təsir zonasında dayanmaq və yaxud piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə, yolların kəsişdiyi nöqtəyə yaxın məsafələrdə, zolaqlı xətlərin üzərində avtomobillərin park edilməsi digər hərəkət iştirakçılarına maneə yaradır. Bu da yollarda süni sıxlığın və tıxacların yaranmasına səbəb olan hallardandır: "Ona görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə və avtomobil sahiblərinə bildirir ki, təhsil müəssisələri istiqamətində şəxsi avtomobillərlə hərəkət edərkən qeyd edilən göstəricilərə riayət edilsin. Əks halda, onların avtomobilləri müvəqqəti mühafizə olunan dayanacaqlara evakuasiya olunacaq, yaxud onların yerindəcə fotomaterialı hazırlanacaq, sürücü yanında olarsa, cərimə yazılacaq. Bir daha deyirik: məktəblərin giriş hissəsində avtomobilləri saxlamaqla xəta törətməyin!"