Hansı qidalar diabetdən qaçmaqda kömək edir?

18 Noyabr 2014 09:40 (UTC+04:00)

Dünyada hər 5 saniyədə bir nəfər şəkərli diabetə tutulur, hər 7 saniyədə isə bir nəfər bu xəstəlikdən dünyasını dəyişir. Beynəlxalq Diabet Federasiyasının Diabet atlasının hesablamalarına görə, dünyada 382 milyon diabetli xəstə (bu, 1990-cı illə müqayisədə 3 dəfə çoxdur) yaşayır. 2035-ci ilə kimi isə bu xəstələrin sayı yarım milyard nəfərə çatacaq, yəni Yer əhalisinin hər on nəfərindən biri bu xəstəliyə tutulacaq. Məlum olub ki, həkimlərin şəkərli diabet xəstələrinə məsləhət gördükləri qida rasionu, demək olar ki, hamı üçün faydalıdır. Bu cür qidalanma təkcə xəstəliyin inkişaf riskini azaltmır, həmçinin normal həzmi və qaməti yaxşı saxlamaqda kömək edir. Həkimlərin ikinci tip xərçəng xəstəliyi üçün verdiyi ilk məsləhət arıqlamaqdır. Amma bu tam pəhrizə oturmaq demək deyildir. Ekspertlər qida rasionunun kaloriliyini 500-1000 kilokaloriyə qədər azaltmağı məsləhət görürlər. Bunun ən sadə yolu həmişəki qidanın yarıya qədər azaldılmasıdır. Həmçinin yağlarla və asanlıqla həzm edilən karbohidratlarla zəngin olan yüksəkkalorili qidaları rasiondan yığışdırmaq və ya məhdudlaşdırmaq lazımdır. Bunlara piyli ət növləri, kərə yağı, o cümlədən bitki yağı, kolbasa məhsulları, hisə verilmiş qidalar, yağlı süd məhsullaı, quş dərisi, konservlər, tumlar və qozlar daxildir. Həkimlər bu məhsulların hamısını "qırmızı siyahıya" salmağı məsləhət görürlər. İşıqforda olduğu kimi qırmızı rəng təhlükəni göstərir. "Çoxları əmindir ki, kərə yağı bitki yağından daha kalorilidir. Əslində isə, 100 q kərə yağında 720 kkal, 100 q bitki yağında isə 900 kkal vardır- bu isə təbiətdə ən yüksək kalorilikdir. Çoxları qozları yemək hesab etmirlər, ancaq bir kiçik paketdə orqanizmin gündüz ehtiyacı üçün tələb olunan enerjinin yarısı vardır"- həkimlər bilıdirirlər. "Qırmızı siyahı"ya həmçinin şirniyyatı, o cümlədən balı da daxil edirlər. Ərzaqların növbəti siyahısını sarı rəngli qidalar adalnadırırlar- buraya orta həddə istifadə edilən, yəni adi porsiyanın yarısı qədər istehlak edilən qidalar daxildir. Bunlara zülal və karbohidratlar aiddir: yağsız ət, yağsız balıq, yağsız süd məhsulları, dənli, paxlalı bitkilər, yarmalar, makaronlar, yumurta, çörək (ağ və qara çörək eyni kaloriyə malikdir). Nəhayət, məhdudiyyət qoyulmadan yemək mümkün olan tərəvəz və göyərtilərdən ibarət bir sıra məhsullar da vardır. Bu "yaşıl siyahı"ya kələm, xiyar, kahı, göyərti, pomidor, kabak, badımcan, çuğundur, yerkökü, qabıqlı lobya, qırmızı və ağ turp daxildir. Məsələn, bir dilim çörəkdə kalorinin miqdarı iki kiloqram xiyarda olan kalorinin miqdarına bərabərdir. Həkimlər bildirirlər ki, əsla, acmaq olmaz. Qadınlarda gündəlik kalori 1200 kkal, kişilərdə isə 1500 kkal olmalıdır. 2-ci tip şəkərli diabet xəstələri üçün qida rasionunun dəyişməsinin əsas məsələlərindən biri həmçinin qanda qlükozanın (şəkər) miqdarının həddən çox artmasının qarşısını almaqdır. Adətən, onun miqdarı karbohidratlar qəbul etdikdən sonra artır. Yanlış fikirlərdən biri şəkərli diabet zamanı karbohidratlar, o cümlədən çörək, kartof, makaronun qəbulu ilə bağlıdır. Bundan başqa, həmin ərzaqların arıqlamaq istəyən adamlar üçün əks göstərici olmasıdır. Amma bu, yanlış fikirdir. Əgər onları yağsız və orta miqdarda qəbul etsəniz, bədən üçün təhlükəli deyildir. Karbohidratlar qidanın əsasını təşkil edir və bizim orqanizmimiz üçün enerji mənbəyidir. Istisna xalis şəkildə tez həzm olunan karbohidratlara, məsələn, qənd, bal və meyvə şirələrinə aiddir. Onlar dərhal və çox güclü şəkildə qanda qlükozanın səviyyəsini artırır. Amma bununla belə, nəzərə alınmalıdır ki, düzgün qaməti saxlamaq üçün boşqabınızın yarısını tərəvəzlər, üçdə birini yağlar və 15 faizini zülallar tutmalıdır. Eyni zamanda gündəlik lazım olan karbohidratların miqdarı insanın fiziki fəallığından da asılıdır. Sonuncu orta intensivliklə həftədə 150 dəqiqədən az, daha yaxşısı isə, gündə bir saatdan az olmamalıdır. Yağlı qidalar öz-özlüyündə qlükozanın miqdarını artırmır, lakin onlar artıq çəkinin yaranmasına səbəb olur ki, bu da şəkərli diabet riski üçün amildir. Ancaq yağsızlaşdırılmış kefir qanda qlükozanın səviyyəsini ciddi şəkildə artırır (bu barədə az adam məlumatlıdır). Sovet həkimləri uzun müddət bildiriblər ki, şəkərli diabetdə turş meyvələr çox faydalıdır, çünki qlükozanın miqdarına təsir etmir. Amma son illər alimlər müəyyən ediblər ki, həm yaşıl almalar, həm də banan şəkərin səviyyəsini eyni miqdarda artırır. Mütəxəssislərin sözlərinə görə, daha faydalı qidalar bitki lifləri ilə zəngin olan (tam buğda çörəyi, tərəvəz, göyərti), doymamış yağlı turşular (balıq) və kalorisiz şəkər əvəzediciləridir. Çoxları inanır ki, şəkərli diabet çoxlu şirin şeylər yeyən adamlarda inkişaf edir. Amma öz-özlüyündə şirin qidalar qanda qlükozanın səviyyəsinin artmasına səbəb olmur. "Şirniyyatdan hədsiz miqdarda istifadə bədən kütləsinin artmasına gətirib çıxara bilər ki, bu səbəbdən də şəkərli diabetin inkişaf riski yüksəlir, buna baxmayaraq, yalnız piroqlarla qidalanan qamətli insanda bu risk şirniyyat yeməyən kök insanlara nisbətən çox azdır"- həkimlər bildirirlər. Ekspertlər alkoqollu içkini tam qadağan etmirlər, lakin onu xeyli azaltmağı (həmçinin onun yüksək kaloriliyinə görə) məsləhət görürlər. Həkimlər vurğulayırlar ki, insan əgər düzgün qidalanarsa, sağlam həyat tərzi keçirərsə və həkimlərin məsləhətinə riayət edərsə, hətta "şəkərli diabet" diaqnozu ilə də uzunömürlü ola bilər.