Azərbaycan qızıl ehtiyatını artırır

18 Noyabr 2014 09:46 (UTC+04:00)

Böyük Britaniyanın "Deyli Teleqraph" qəzetinin məlumatına görə, qızılın ucuzlaşması fonunda son zamanlar bir sıra ölkələr, o cümlədən Azərbaycan aktiv şəkildə qızıl alışına başlayıb. Səbəb kimi də qızılın sürətlə ucuzlaşması göstərilir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, Azərbaycanın qızıl alışında aktiv olmasında məqsəd valyuta ehtiyatlarında onun payının artırılmasına nail olmaqdır: "Dünya Qızıl Şurasının üçüncü rübün hesabatına görə, Rusiya, Qazaxıstan və Azərbaycan son zamanlar daha çox qızıl alan ölkələr sırasında yer alıb. Bu rübdə dünya ölkələrinin mərkəzi bankları tərəfindən təxminən 92,8 ton qızıl satılıbsa, onun 90 tonu məhz bu üç ölkə tərəfindən alınıb. Rusiya 55 ton, Qazaxıstan 28, Azərbaycan isə bu müddətdə 7 ton qızıl alıb. Burada əsas məqsəd valyuta ehtiyatını diversifikasiya etməklə bağlıdır. Ümumilikdə götürəndə, görürük ki, bütün sahələr üzrə dünyada qızıla tələbat azalıb. Həm zinət, həm investisiya, həm də valyuta ehtiyatlarına daxil etmək üçün mərkəzi bankların saxladığı qızıllara tələbat azalır. Mərkəzi banklar tərəfindən qızıl alışının azalma səbəbi onunla bağlıdır ki, Avropa ölkələri artıq qızıl almır. Ona görə ki, həmin ölkələrin valyuta ehtiyatlarında qızılın payı kifayət qədər yüksəkdir. Bu, ayrı-ayrı ölkələrdə 40 faizdən 80 faizə qədər təşkil edir. Lakin Rusiya, Qazaxıstan və Azərbaycanən valyuta ehtiyatlarında qızılın payı çox azdır. Ona görə də bu ölkələr daha çox qızılın ehtiyatlarda payını artırmaq siyasəti yürüdürlər. Məhz bu səbəbdəndir ki, Azərbaycan qızılın qiymətinin düşməsi fonunda ondan daha çox almağa çalışır. Məqsəd valyuta ehtiyatlarını diversifikasiya etmək, bir mənbədən asılılığı azaltmaqdır. Son məlumata görə, Azərbaycan Neft Fondunun valyuta ehtiyatı valyuta məzənnəsindən yaranan fərqə əsasən 1 milyard manata yaxın itirib. Bu baxımdan diversifikasiya yolu ilə zərərin azaldılmasına çalışırlar. Ona görə də qızılın payını artırmaq kursu yeridilir. Qızılın payının artırılmasının neqativ hallara səbəb olacağını düşünmürəm, ona görə də bu siyasətin əleyhinə deyiləm. Hələ 2009-cu ildən başlayaraq, valyuta ehtiyatının bir hissəsinin qızılla saxlanılmasını təklif etmişdik.

Bu günün özündə isə qızılın ucuzlaşmasını müşahidə edirik. Bu fonda sadəcə olaraq, onu nə vaxt almaq olar, nə vaxt olmaz məsələsi araşdırılmalıdır. Amma hər halda qızılın pay həcmi artırılmalıdır. Hazırda qızılın valyuta ehtiyatlarında payı 5 faizdən çox deyil. Ona görə də bu payı həddən artıq deyil, 15-20 faizə qədər artırmaq lazımdır. Düzdür, indi bir qədər çətin situasiya yaranıb. Yarım il bundan qabaq bu istiqamətdə rahatca danışmaq olardı, indi isə bununla bağlı bir qədər ehtiyatla danışıram. Çünki, dünyada neftin qiymətinin ucuzlaşması Azərbaycanı məcbur edə bilər ki, öz valyuta ehtiyatlarını xərcləsin. Valyuta elədir ki, pul lazım olan kimi onu avtomatik olaraq götürmək olur, amma qızılı öncə satışa çıxarmaq lazımdır. Yəni bir o qədər də likvid deyil, qızılın lazım olanda pulu çevrilməsi üçün uzun müddət tələb olunur".

İqtisadçı alim Əli Əlirzayev isə qeyd etdi ki, qızıl daha etibarlı olması ilə seçildiyindən indiki şəraitdə ondan daha çox alınması sərfəlidir: "İnflyasiya, böhran şəraitindən, dollar və avronun inflyasiyasından qaçmaq üçün qızıla müraciət etmək yaxşı əlamətdir. Qızıl elə bir əmtəədir ki, dəyərini həmişə saxlayır. Ona görə də, hazırda neftin qiymətlərinin endiyi şəraitdə qızıl alıb valyuta ehtiyatlarını onda saxlamaq daha sərfəlidir. Qızıl ən azından dəyərini saxlayır. Bu, bütün dünyada isbat olunmuş təcrübədir ki, qızıla verilən vəsait heç zaman öz dəyərini itirmir".