Qanunsuz evlər söküləcək
18 Noyabr 2014 12:10 (UTC+04:00)
Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq
sahəsində tikinti-quraşdırma işlərinin aparılması aşkar edildikdə
həmin obyekt söküləcək.
ANS PRESS-in məlumatına görə, bu barədə prezident
İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Tikintiyə dövlət
nəzarətinin həyata keçirilməsi qaydaları"nda öz əksini
tapıb.
Fərmanda qeyd edilir ki, yeni qaydalar tikinti
layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və
abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və
ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra –
tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət
nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən
edir.
Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi
səlahiyyətləri Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik)
tərəfindən Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyi (bundan sonra – Agentlik) və Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan
sonra – Müfəttişlik) vasitəsilə həyata keçirilir.
Dövlət nəzarətini həyata keçirən orqanları tikinti
obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin
tələblərinin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə
Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti-quraşdırma işlərinin
dayandırılması və zəruri hallarda obyektin sökülməsi, habelə
lisenziya fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında
müvafiq qaydada məsələ qaldıra bilər.
Agentlik və Müfəttişlik tikinti obyektinin
sökülməsi zamanı söküntü işlərinin texniki təhlükəsizlik və
şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun
aparılmasına nəzarəti həyata keçirir.