"Azərsun Holdinq" Yaşıllaşdırma marafonuna dəstək verdi

18 Noyabr 2014 15:23 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İDEA İctimai Birliyinin təşəbbüsü, Xəzər rayon İcra Hakimiyyəti və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilib. "Azərsun Holdinq" şirkətindən verilən məlumata görə, "Azərsun Holdinq" şirkəti tərəfindən istehsal olunan "Zeytun bağları" markasanının bilavasitə iştirak etdiyi tədbir zamanı qəsəbə ərazisində 1 000 ədəd zeytun ağacı əkilib. Ağacəkmə aksiyasında Xəzər rayon İcra Hakimiyyətinin və "Azərsun Holdinq"in məsul şəxslərinin də iştirak etdiyi aksiyada xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayon idarə, təşkilat kollektivləri, ümumilikdə 100 nəfərdən artıq insan qatılıb. Hər kəs tərəfindən bəyənilən "Zeytun bağları" markası ölkəmizin müxtəlif ərazilərində minlərlə zeytun ağacının əkilərək, həmin yerlərin yaşıllaşdırılmasında müstəsna rol oynayır. Bundan əlavə, bu milli marka yüksək keyfiyyəti ilə xarici bazarlarda da rəğbətlə qarşılanır və Abşeron zeytunun bütün dünyaya tanıdılmasına böyük töhfə verir. Qeyd edək ki, mütəmadi olaraq ağacəkmə aksiyalarına qoşulan və ekoloji layihələrdən kənarda qalmayan "Azərsun Holdinq"in gələcəkdə də bu tipli işlərə yaxından dəstək verəcəyi bildirilib.

Binəqədidə də IDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, IDEA İctimai Birliyinin nümayəndəsi, "Azərsun Holdinq"in baş direktoru Savaş Uzan, həmin qurumların bir qrup nümayəndəsi, RİH-in əməkdaşları, hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Rayonun Xocəsən qəsəbəsində yerləşən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının binası ətrafında gerçəkləşən tədbirdə əvvəlcə  "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirib. İndiyədək IDEA İctimai Birliyinin təşəbbüsü ilə respublikada 3 milyondan çox ağac əkilib, ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, sahibsiz heyvanlar üçün sığınacaqlar təşkil olunub,  sənaye və məişət tullantılarının azaldılması barədə layihələr gerçəkləşdirilib.Daha sonra dövlətimizin başçısı İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllığın genişləndirilməsi işinin Binəqədidə də uğurla həyata keçirildiyi bildirilib. Son illərdə rayon ərazisində yeni salınmış 27 abad məhəllədə, yeni inşa edilmiş 24 mini parkda, əsaslı təmir edilmiş 11 parkda və digər yaşıllıq sahələrində ümumilikdə 255168 kvadratmetr  çəmən örtüyü yaradıldığı, 50221 ədəd gül-çiçək və dekorativ bitkilər, eləcə də 12800 ədəd ağac əkildiyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.Tədbirdə çıxış edən IDEA İctimai Birliyinin nümayəndəsi, "Azərsun Holdinq"in baş direktoru Savaş Uzan və Binəqədi RİH başçısının müavini Aygün Əliyeva aksiyanın  əhəmiyyətindən danışıb, Leyla xanım Əliyevanın təşəbbüsü ilə baş tutan bu layihənin yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olduğunu vurğulayıblar.Azərbaycan təbiətinin gözəlliklərini tərənnüm edən milli musiqilərimizin sədaları altında başlayan ağacəkmə aksiyasında başçı Xaləddin İsgəndərov fiziki məhdudiyyətli uşaqlarla birgə ağaclar əkib. Aksiya çərçivəsində mindən artıq zeytun və "Leylandra" adlı şam ağacı basdırılıb. Fiziki məhdudiyyətli uşaqlara xüsusi diqqətin göstərilməsi, onların bu ictimai faydalı işdə yaxından iştirakının təmin olunması balacalar tərəfindən sevinclə qarşılanıb və bu, tədbirə əlavə rəng qatıb.Binəqədi rayon gəncləri belə aksiyaların təşkilinə görə Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevaya öz təşəkkürlərini bildirib və ona rayon gəncləri adından simvolik olaraq rəsm tablosu hədiyyə ediblər. Aksiya yekunlaşdıqdan sonra iştirakçılar və qonaqlar furşet masası ətrafına dəvət olunublar.