5731 nəfər ev veriləcək
18 Noyabr 2014 15:15 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
sifarişi ilə əlil və şəhid ailələri üçün bölgələrdə fərdi evlərin
inşasına başlanıb . Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamının
icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
sifarişi ilə (ƏƏSMN) müharibə əlilləri və şəhid ailələri üçün bu
gün 6 rayonda (Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Şəki, Qəbələ
rayonlarında) fərdi evlərin inşasına
başlanıb. Əmək və Əhalinin
Sosial Müdafiəs Nazirliyindən Movqe.az-a verilən məlumata görə,
yaxın bir neçə gündə respublikanın daha 46 rayonunda əlil və şəhid
ailələri üçün fərdi evlərin tikintisinə
başlanacaq. İlkin mərhələdə ümumilikdə
52 rayonda hər birinin həyətyanı sahəsi olan 353 ədəd fərdi evin
inşa edilərək əlil və şəhid ailələrinin istifadəsinə verilməsi
nəzərdə tutulur. Fərdi yaşayış evlərinin keyfiyyətli tikinti
materiallarından istifadə olunmaqla və müasir tələblərə uyğun
inşasına nazirlik tərəfindən xüsusi diqqət
yetirilir. Bakı, Sumqayıt, Gəncə,
Mingəçevir və Xırdalan şəhərlərində yaşayan və mənzil növbəsində
olan müharibə əlilləri və şəhid ailələrinin çoxmənzilli yaşayış
binalarında mənzillərlə təminatı həyata keçiriləcək.
Dövlət başçısının qeyd olunan Sərəncamına
əsasən, 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti
orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış
5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illər
ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə
tutulur.
Xatırladaq ki, əlil və şəhid ailələri yaşayış
sahəsinə ehtiyacı olan şəxslər qismində rayon (şəhər) İcra
Hakimiyyətləri (İH) tərəfindən növbəyə götürülür və ƏƏSMN inşa
edilmiş mənzillərin bölgüsünü rayon (şəhər) İH-lərinin təqdim
etdikləri növbəlilik siyahıları əsasında həyata
keçirir.
Onu da qeyd edək ki, rayon (şəhər) İH-lərindən
ƏƏSMN-ə təqdim olunmuş mənzil növbəliliyi siyahıları bu sahədə
şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ƏƏSMN-nin
rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində
yerləşdirilib.
Burada həmçinin artıq mənzillə təmin olunmuş əlil
və şəhid ailələrinin də siyahıları ictimaiyyətə təqdim
olunur.