Avtobuslarda sərnişin sıxlığı ilə bağlı problem böyüyür

19 Noyabr 2014 07:36 (UTC+04:00)

Paytaxtda "pik saatı" sayılan vaxtlarda ictimai nəqliyyat vasitələrində sərnişin sıxlığının birə-beş artması heç kimə sirr deyil. Xüsusən də avtobuslardan istifadə edənlər demək olar ki, hər gün sərnişin sıxlığının yaratdığı əzab-əziyyətə qatlaşmalı olurlar. Bəzən isə avtobusda sərnişinlərin sayı o qədər çox olur ki, sürücü qapıları belə bağlaya bilmir. Halbuki, qanunvericiliyə əsasən, avtobusa yol verilən həddən artıq sərnişin minərsə, sürücü həm bal sistemi, həm də pul cəriməsi ilə cəzalandırılır. Lakin qanunvericilikdə olan bu tələblər də sərnişin sıxlığı ilə bağlı vəziyyəti dəyişmir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov qəzetimizə məsələ ilə bağlı öncə bildirdi ki, bu ilin noyabrın 8-ə qədər Bakı şəhəri üzrə 785 yol-qəza hadisəsi, 271 ölüm, 789 xəsarət qeydə alınıb: "Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 76 hadisə, 21 ölüm, 73 xəsarət az deməkdir. Göstərilən dövr ərzində 717316 inzibati protokol tərtib edilib. Protokollardan 2039-u məhz sərdinşindaşıma qaydalarının pozulmasına görədir. Ancaq bu məsələnin həlli tək cərimələrlə bitmir. Çünki, bunun üçün avtobusların sayı qədər yol polisi əməkdaşı olmalıdır. Digər obyektiv və subyektiv səbəblər də aradan qaldırılmalıdır. Əvvəla, sürüclərin əmək haqqı ilə bağlı problem həllini tapmalıır. Bundan başqa, 8 saatlıq iş rejimi tətbiq edilməlidir. Həmçinin, avtobus dayanacaqlarında ciblərin az olması, dayanacaqların şəxsi avtomobillər tərəfindən zəbt edilməsi də bu problemə rəvac verir. Eyni zamanda sürücülərin mədəniyyət səviyyəsi qənaətbəxş deyil. Bütün bunları qruplaşdıranda görürük ki, mentalitetimizlə bağlı hər kəsin birinci olmaq istəyi kimi problemlərimiz var. Bu da sərnişindaşımada xoşagəlməz hallar yaradır".

Şöbə müdiri əlavə etdi ki, bir-birini təkrarlayan eyni xətt üzrə avtobuslar olmamalıdır: "Kilometraj üzrə avtobusların düzgün sayı və intervalı olmalıdır. Marşurut üzrə avtobusların tutum məsələsinə də baxılmalıdır. Ümumilikdə, hazırki vəziyəti qənaətbəxş hesab etmək olar".

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov hesab edir ki, qaunvercilikdə bu məsələ bir az sürüşkəndir: "Şəhərlərarası ictimai nəqliyyatda ayaqüstə daşımalar qadağandır. Bu, İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə məsuliyyət yaradır. Ona görə 60 manat cərimə və 3 cərimə balı var. Ancaq istisna olaraq, 12 yaşına qədər uşaqlar nəzərə alınmır. Dünya təcrübəsində isə 5 yaşına qədər uşaqlar yerlərin sayında nəzərə alınmır. Problem əsasən, şəhərdaxili daşımalardadır. Şəhərdaxili marşurutlarda ayaqüstə sərnişin daşımağa icazə verilir. Şəhərdaxili nəqliyyat üçün nəzərdə tutulan avtobuslarda istehsalçılar oturacaq yerlərinin sayını dəqiq, ayaqüstə duracaq sərnişinlərin sayını isə təqribi göstərirlər. Amma dəqiq say göstərən avtobuslar da var. Burada problem onda yaranır ki, aidiyyatı qurumların həmin ayaq üstə duran sərnişinləri saymaq imkanı çətindir. Ona görə də dünyada sükutla qəbul olunan belə qayda var ki, əgər avtobusda qapılar normal bağlanırsa, bu, qaydalar çərçivəsindədir. Ona görə də DYP və Nəqliyyat Nazirliyi bu məsələdə dərinə gedə bilmirlər. Çünki, bu məsələdə bir-bir sərnişinləri saymaq tələb olunur. Ancaq gözlə görünən məqamlar da çoxdur. Avtobus qapısı açıq şəkildə gedirsə, sürücü cəzalandırılmalıdır. Qanun bu formada hərəkəti qadağan edir. Onun da 151.2 maddəsi ilə 60 manat və 3 cərimə balı var. Həmçinin, bu, sərnişindaşıma qaydalarını kobud şəkildə pozmadır. Belə problem olarsa, sahibkarın fəaliyyətinin daşıma şərtlərinə uyğunluq məsələsinə yenidən baxıla bilər. Hətta lazım gələrsə, lisenziyasının müddəti uzadılmaz, marşurut ləğv oluna bilər".

Ekspert qeyd etdi ki, "Yol Hərəkəri Haqqında" qanunun 56-cı maddəsi nəqliyyat vasitəsinin qapıları bağlanmamış hərəkətə başlamasını qadağan edir: "Amma sərnişinlərdə də təhlükəsizliklə bağlı anlayış olmalıdır. Burada problemə əsasən iki tərəfdən yanaşmaq lazımdır. Birincisi, təşkilatı səbəbdir. Daşıyıcı şirkətlər avtobuslarının sayının maksimum azaltmağa çalışırlar. Bu da ancaq maddi maraqdır. Digər tərəfi isə yol hərəkəti şəraiti ilə bağlıdır. Avtobuslar tıxaclar səbiəbindən qrafikə uyğun hərəkət edə bilmirlər".