Azərbaycan investisiya coğrafiyasını dəyişir

19 Noyabr 2014 09:41 (UTC+04:00)

Azərbaycan maliyyə bazarlarına yatrılan sərmayələrin coğrafiyasını daha da genişləndirməyə hazırlaşır. Beəl ki, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) sonra Azərbaycan Mərkəzi Bankı da (AMB) Asiya bazarına investisiya yatımağı planlaşdırır. Belə ki, bu günə qədər yatırımlar əsasən Avropa bazarlarına edildisə, artıq AMB-nin Çinin maliyyə bazarına 500 milyon dollar həcmində investisiya yatırmaq planı var. Bununla bağlı Çin Mərkəzi Bankından iki razılıq alınıb. Ölkəmiz hələlik bazarda iştirakçı hüququnu alıb. Bundan sonra qiymətli kağızların keyfiyyətinə baxılacaq və məqbul olan qiymətli kağız əldə ediləcək.

Qeyd edək ki, AMB digər Asiya bazarlarında da xarici menecerlər vasitəsilə 500 milyon dollar məbləğində qiymətli kağızlar əldə etmək niyyətindədir. Bu, qiymətli kağızlarla bağlı investisiya istiqamətinin Avropadan, ABŞ-dan Asiyaya doğru dəyişdiyini göstərir.

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Asiya, xüsusi ilə Çin bazarı dünyada ən çox inkişaf edən bazardır: "Dünya iqtisadiyyatının mərkəzi artıq yavaş-yavaş bu bölgə üzərinə keçməyə başlayır. Çin iqtisadiyyatı hər il orta hesabla 7-8% böyüyür. Bu isə dünya ölkələri üçün fantastik rəqəmdir. Hərçənd ki, Çin iqtisadçıları bu böyüməni kiçik olaraq qiymətləndirirlər. Bu nöqteyi-nəzərdən həmin bazarlarda müəyyən rol almaq dünyanın inkişaf trendinə görə normal, bəyənilən addımdır. Ancaq həmin bazarlarda müəyyən risklər də var. Çünki, Çin qiymətli kağızlar bazarı ümumi müstəvidə müəyyən problemlər yaşana biləcək bazardır. Avropadan, ABŞ-dan fərqli olaraq Asiya məhkəmə sistemi çox zəif inkişaf edib. Məhkəmələrdə bəzən böyük investorların mənafeyinə zidd qərarlar qəbul edildiyindən bu qərar özündə bəzi risklər daşıyır. Asiya bazarına girərkən bəzi investorların qorxuları məhz məhkəmə sisteminin zəif inkişaf etməsindədir. Amma ümumiyyətlə, dünyanın iqtisadi mərkəzinin yavaş-yavaş bu bölgəyə gəlməsini nəzərə alsaq, Azərbaycanın da həmin bölgədə müəyyən yatırımlar etməsi yaxşı addım olacaq. Burada AMB-nın kimlərlə işləyəcəyi də önəmlidir".

Digər iqtisadçı-ekspert Məhəmməd Talıblı bildirdi ki, biz əsasən Avropa və Qərb bazarlarına meyl edirdik: "Bazarın ən mühüm infrastukturu olan qiymətli kağızlar bazarının özünəməxsusluğu ondan ibarətdir ki, dividendlər və ya gəlirlilik səviyyəsi yüksək hədlə ölçülmür. Xüsusilə böyük bazar tutumu olan Çində isə bu məsələdə gəlirlilik norması çox da yüksək olmaya bilər. Bu, eyni zamanda investisiyanın coğrafiyasının bir coğrafi ərazidən digərinə keçidi deməkdir. Bu bazar çox sürüşkən və bir çox hallarda qeyri-müəyyən bazar olduğu üçün, gəlirliliyi indidən proqnozlaşdırmaq çətin məsələdir. Amma nəzərə alaq ki, AMB-ın rezervləri və Dövlət Neft Fondunun (DNF) aktivlərinin idarə edilməsində fərqlər mövcuddur. AMB daha konservativ siyasət yürütməlidir. DNF-u isə daşınmaz əmlak və ya gəlir gətirən bəzi əməliyyatların həyata keçirilməsi ilə bağlı özünün investisiya strategiyasında dəyişikliklər edib. Ondan sonra Rusiya, Fransada daşınmaz əmlak almağa başladı".