Bakı metrosunda yenilik

18 Noyabr 2014 21:23 (UTC+04:00)

Fransa şirkəti tərəfindən metronun  "28 May" stansiyasında  iki tunel tikiləcək. Tikiləcək tunel Bakı Metropolitenində qatarların daha rahat hərəkəti və intervalın azalmasına təsir edəcək. Bu barədə publika.az-a məlumat verən "Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev işlərin yaxın zamanda başlanacağını deyib:

 

"Bakı Metropoliteni" QSC və Fransanın "Bouygues Travaux Publics" şirkəti arasında bu il oktyabr ayında müqavilə imzalanıb. Metronun "28 May" stansiyasında yaşıl və qırmızı xətləri bir-birindən ayrılması üçün hər biri 100 metr uzunluğunda olan tunel tikiləcək. Yaxın zamanda  tikinti işləri başlanacaq. İşin icra müddəti 36 aydır və işin bitməsinə 5 həftə qalmış  tunelin birləşdirilməsi ilə əlaqədar "28 May"stansiyası bağlanacaq".

 

N.Paşayevin sözlərinə görə, tikinti işləri başa çatandan sonra yaşıl və qırmızı xətt üzrə qatarlar bir-birindən müstəqil hərəkət edə biləcəklər:

 

"İndi bu xətlər "28 may" stansiyasında kəsişir. "Həzi Aslanov"dan həm "Dərnəgül", həm də"İçərişəhər" istiqamətində hərəkət edən qatarlar həmin stansiyadan sonra 2 dəqiqə yox, 4 dəqiqə intervalla hərəkət edirlər.  Bununla da istədiyimiz intervalı ala bilmirik. Bu xətlər ayrıldıqdan sonra qatarlar həmin stansiyadan sonra da 2 dəqiqə intervalla hərəkət edəcək. Metroda qatar hansı xətt üzrə hərəkətə çıxıbsa, həmin xətt üzrə də davam etməlidir. Lakin bizdə yanlış sistem qurulduğundan intervalda problem müşahidə edirik. Bu, digər ölkələrdə rastlanmayan bir haldır. Bu da qatarların rahat hərəkətinə mane olur, bir-birini gözləməli olurlar".

 

N.Paşayev onu da bildirib ki, növbəti ildə "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının istifadəyə verilməsi planlaşdırılır. 2015-ci ilin ikinci yarısında "Elmlər Akademiya"sının yeni çıxışı istifadəyə veriləcək. Papanin adlanan ərazi, Heydər Əliyev adına İdman Kompleksinin arxasındakı stansiyaların tikintisi davam edir.