Mehriban Əliyeva: `Bu, bizim üçün böyük şərəfdir`- FOTOLAR
19 Noyabr 2014 10:55 (UTC+04:00)
Kann, Afina və Berlindən sonra "Bakı-2015" ilk
Avropa oyunlarının növbəti təqdimatı noyabrın 18-də İstanbulun
"Çırağan" sarayında keçirilib.
Movqe.az AzərTAc-a istinadən
məlumat verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva təqdimat mərasimində iştirak
edib.Heydər Əliyev Fondunun təşkilatçılığı
və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən
mərasimdə qardaş ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri,
mədəniyyət və idman xadimləri iştirak ediblər. Qonaqlar əvvəlcə
"Baku-2015"-ə həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə
baxdılar. "Biz birlikdə" adlanan bu sərgidə 20-dən çox
heykəltaraşımızın əsərləri nümayiş etdirilib. Onların hər biri
müxtəlif cərayanları nümayiş etdirməklə özlərində ilk Avropa
Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks
etdirirdi.Sonra qonaqlar Azərbaycanın
mənzərələrindən ibarət fotoşəkillərə də baxıblar. Burada da
ölkəmizin regionları ilə yanaşı, Bakının müxtəlif mənzərələri, o
cümlədən Azərbaycanın mədəniyyətinin şah əsərləri fotolar
vasitəsilə yüksək səviyyədə təmsil olunurdu.Tədbirin aparıcısı vurğulayıb ki, ilk Avropa Oyunlarının
Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuza
söykənir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu
hadisə həm də Azərbaycanın idman sahəsində son illərdə qazandığı
uğurlara dəstək xarakteri daşıyır. Təsadüfi deyil ki, 2002-ci ildən
36 beynəlxalq yarışa ev sahibliyi edən Azərbaycanda ən son 2014-cü
ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı keçirilib. 22 illik
müstəqilliyi dövründə 200-dən artıq atletlə yay və qış olimpiya
oyunlarında təmsil olunan ölkəmiz bu günə qədər olimpiadalarda 26,
Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal
qazanıb.Daha sonra Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdağanın və xanımı Əminə Ərdoğanın mərasimə ünvanladıqları
məktub oxunub. Məktubda qədim və müasir Bakıda ilk Avropa
Oyunlarının yüksək səviyyədə keçəcəyinə əminlik, qardaş ölkələrimiz
arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluq
ifadə olunur və bu təqdimatın əhəmiyyəti
vurğulanır.Azərbaycanın birinci xanımı,
birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva mərasimdə çıxış etmişdir.Birinci
xanım Mehriban Əliyevanın çıxışı:
"Hörmətli Xanımlar və cənablar!
Əziz dostlar.
Əziz qonaqlar.
Qardaş Türkiyədə yenidən olmağımdan çox mutluyam.
Minillik tarixə malik və dünyanın ən gözəl şəhərlərindən biri olan
İstanbulda bu gecə sizləri görmək və salamlamaq mənim üçün çox
xoşdur. Çox sağ olun ki, bu axşam bizimlə birlikdəsiniz. Birlik
kəlməsi türk və Azərbaycan xalqlarının xislətini əks etdirir.
Birlik və qardaşlıq dövlətlərarası əlaqələrin də əsasıdır. Biz
əsrlər boyu bir-birimizin yanında olmuşuq, xalqlarımızı möhkəm
tellər birləşdirir. Baxmayaraq ki, keçmiş sovet dövründə, 70 il
ərzində əlaqələr süni şəkildə kəsilmişdir, xalqlarımızın qəlbində
qarşılıqlı məhəbbət və hörmət daim yaşamışdır.
Biz hər zaman bir-birimizi dəstəkləyirik. Zənnimcə
dünyada ən yaxın və ən qardaş iki dövlət məhz Azərbaycan və
Türkiyədir.
Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra
ölkələrimiz arasında əlaqələr də bərpa olundu və tamamilə yeni
səviyyəyə qaldırıldı. Bu gün demək olar ki, bizim əməkdaşlığımız
bütün sahələri əhatə edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir.
İqtisadi əlaqələr ildən-ilə artmaqdadır. Azərbaycan tərəfindən
xarici ölkələrə qoyulan investisiyaların ən böyük payı Türkiyəyə
düşür. Bizim əlaqələrimiz mədəni, təhsil sahəsini də əhatə edir.
Yüzlərlə azərbaycanlı tələbə Türkiyənin ali məktəblərində,
universitetlərində təhsil alır. Azərbaycan ilə Türkiyə beynəlxalq
təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qurublar.
Azərbaycan-Türkiyə birliyi yaşadığımız bölgədə sabitləşdirici
amildir. Bizim birgə həyata keçirdiyimiz irimiqyaslı layihələr,
istər enerji sektorunda, istər nəqliyyat sektorunda nəinki bölgə
üçün, dünya üçün böyük önəm daşıyır. Türkiyə ilə Azərbaycan TANAP
layihəsinin aparıcı qüvvəsidir. Gələn il istifadəyə verilən Bakı -
Tbilisi – Qars dəmir yolu Avropa ilə Asiyanı bağlayacaq. Bütün bu
uğurlu layihələrin, uğurlu proqramların təməlində xalqlarımızın
qardaşlığı, dövlətlərimizin iradəsi durur. Biz Azərbaycanda
Türkiyənin uğurlarına öz uğurlarımız kimi sevinirik. Sevinirik ki,
Türkiyə son on il ərzində sürətli inkişaf və tərəqqi yolu ilə
gedir. Türkiyə böyük iyirmilərin üzvü olaraq dünya problemlərinin
həllinə öz töhfəsini verir.
Azərbaycan da son on il ərzində dünyanın ən yüksək
sürətlə inkişaf edən ölkəsinə çevrilib. Son on il ərzində iqtisadi
artım 3 dəfədən çox olub, büdcə xərcləri 20 dəfə artıb, yoxsulluğun
və işsızlıyin səviyyəsi beş faizə enib. Ölkədə on il ərzində 3000
–dən çox yeni məktəb binası inşa olunub və təmir edilib. Tarixi və
mədəni abidələr bərpa olunur, eyni zamanda, yeni mədəniyyət
ocaqları, muzeylər, sərgi salonları qurulur. Azərbaycanın
beynəlxalq mövqeyi ildən ilə möhkəmlənir və bu gün Azərbaycan
dünyada etibarlı tərəfdaş kimi tanınır. Heç də təsadüfi deyil ki,
Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk Avropa oyunları
Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Bu qərar
Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə və böyük dəstəklə
qarşılanıb.
Əziz dostlar, ona baxmayaraq ki, olimpiya hərəkatı
Avropada doğulub və sonradan Avropada bərpa olunub, bu vaxta qədər
Avropa oyunları keçirilməyib. Tarixə ilk Avropa oyunları kimi daxil
olan belə iri miqyaslı yarışmaları qəbul etmək, hazırlamaq və
keçirtmək əlbəttə bizim üçün həm böyük şərəfdir, həm də böyük
məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman dövləti kimi
tanınır. İdmana, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas
istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən
sonra olimpiya oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir
zamanda idmançılarımız böyük nailiyyətlər əldə ediblər. Oyunlardan
oyuna qazanılan medalların sayı artmaqdadır. Son yay olimpiya
oyunlarında bizim yığma komandamız ikisi qızıl olmaqla on medal
qazanaraq, bu nəticə ilə Avropa ölkələri arasında 15-ci yerdə,
ümumi iştirakçılar arasında isə 30-cu yerdə olublar. Ölkədə idman
infrastrukturunun inşasına, müasirləşməsinə də böyük diqqətlə
yanaşılır. Son on il ərazində Azərbaycanda, Azərbaycanın
bölgələrində 50-dən çox yeni müasir olimpiya mərkəzləri tikilib.
İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı ildən
ilə artır və onların qarşısında yeni perispektivlər, yeni imkanlar
açılır. Bu il Çində keçirilən yeniyetmələrin olimpiya oyunlarında
bizim gənc atletlərimiz 5-i qızıl olmaqla, 12 medal qazanaraq iki
yüzə yaxın ölkənin arasında onuncu yeri tutublar. Ölkəmiz müxtəlif
beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə
edib. Azərbaycanda müxtəlif idman növlərindən olan dünya və Avropa
çempionatları keçirilir və həm idmançılar tərəfindən, həm də idman
ictimaiyyəti tərəfindən bütün bu tədbirlərin ən yüksək səviyyədə
hazırlığı qeyd olunur. Bir sözlə, bütün bu faktorları nəzərə alaraq
idmançılarımızın, atletlərimizin nailiyyətləri, dövlət tərəfindən
idmanın inkişafına möhkəm dəstək, mövcud olan idman infrastrukturu
və əlbəttə ölkənin ümumi sürətli inkişafını nəzərə alaraq Avropa
Olimpiya Komitəsi bu oyunların məhz Azərbaycanda keçirilməsini
nəzərdə tutub. Oyunlarda 6 mindən çox atlet iştirak edəcək, iyirmi
idman növündə yarışmalar keçiriləcək. Birinci Avropa Oyunları
Avropanın idman tarixində yeni bir səhifə açacaq. Əlbəttə, ilk
oyunlar gələcək oyunların səviyyəsini, standartlarını müəyyən
edəcək. Ona baxmayaraq ki, hazırlığa cəmi iki il yarım vaxt
ayrılıb, Azərbaycan bu oyunları yay olimpiya oyunları səviyyəsində
keçirtmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata
keçirilir və zəruri addımlar atılır. Biz güclü Təşkilat Komitəsi
yaratmışıq. Beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə
beynəlxalq idman federasiyaları ilə çox uğurlu əməkdaşlıq qurmuşuq,
çoxsaylı könüllülərin köməyindən istifadə edirik. Və ümidvaram ki,
birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və
həmrəylik şəraitində keçiriləcək.
Sonda əziz qonaqlar, mən fürsətdən istifadə edərək
sizi birinci Avropa Oyunlarını izləmək üçün Azərbaycana - Bakıya
dəvət etmək istəyirəm.
Bir daha bu axşam bizimlə olduğunuza görə sizə
dərin minnətdarlığımı bildirirəm. İstanbul şəhəri mənim üçün çox
doğma və əziz şəhərdir. Və bu şəhərin təkrarolunmaz ab-havasını,
onun gözəl təbiəti, onun unudulmaz tarixi və mədəni abidələri ilə
yanaşı sizlər, bu şəhərdə yaşayan insanlar yaradıb və ona görə
sizə, isti qonaqpərvərliyinizə görə sizə təşəkkür
edirəm.
Qardaş Türkiyəyə sülh, əmin- əmanlıq və gələcək
uğurlar arzu edirəm."
Daha sonra mərasim iştirakçıları "Bakı-2015"-ə
həsr olunan filmə baxıblar. Filmdə ilk Avropa oyunlarına hazırlıq
işləri, Bakıda yaradılan idman infrastrukturu və digər tədbirlər
barədə geniş məlumat verildi.
Türkiyənin gənclik və idman naziri Akif Çağatay
Kılıç qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən idman
sahəsində böyük inkişafa nail olduğunu qeyd edib. Bildirilib ki,
Türkiyə ilə Azərbaycanın daim bir-birilərinə dəstək verməsi
ölkələrimizin qardaşlıq bağlarını daha da möhkəmləndirib və bu gün
hər iki ölkə bir çox məsələlərdə eyni mövqedən çıxış
edirlər.
"Bakı-2015"- in təqdim olunduğu şəhərlər sırasına
İstanbulun da daxil olmasını yüksək qiymətləndirən Akif Çağatay
Kılıç qısa vaxtda oyunlara hazırlıq işlərinin sürətlə davam
etməsinin sevindrici hal olduğunu diqqətə çatdırıb. Əmin olduğunu
bildirib ki, ilk Avropa Oyunları qitənin tarixinə parlaq hadisə
kimi düşəcək.
Tədbirin sonunda Elçin Şirinovun rəhbərlik etdiyi
caz qrupu öz ifaları ilə qonaqlara xoş anlar
yaşatdılar.
Qeyd edək ki, Avropa Oyunları 2012-ci il dekabrın
8-də Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının
toplantısında təsis olunub və Avropa Olimpiya komitələrinin yekdil
qərarı ilə yaradılıb. Baş Assambleyanın yığıncağında oyunlara ev
sahibliyi hüququ Azərbaycanın paytaxtı Bakıya verilib. Avropa
Oyunlarının Bakıda keçirilməsinə məsul olan Təşkilat Komitəsi
Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə
yaradılıb.
Türkiyə mediası Bakıda keçiriləcək Birinci Avropa
Oyunlarına hazırlıq işlərinə geniş yer ayırıb. Ölkə mətbuatı ilk
dəfə keçiriləcək Avropa Oyunları və ona ev sahibliyi edəcək
Azərbaycanda görülən tədbirlər barədə geniş məqalələr dərc
edib.
Artıq indidən demək olar ki, Bakıda keçiriləcək
ilk Avropa Oyunları qitənin həyatında xoş bir həyacan yaradıb.
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları ərəfəsində
idmançılara özlərini sınamaq fürsəti yaradan "Bakı-2015"in İstanbul
təqdimatı da bu fikri bir daha təsdiqləyir. Və bir maraqlı faktı da
gündəmə gətirir ki, ilk dəfə baş tutacaq bu oyunların həyəcanı
Avropanın həyatına məhz Bakıdan daxil olur.