“İsanın yatağındakı İlahə” nin təqdimatı oldu

19 Noyabr 2014 11:19 (UTC+04:00)

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı Səidə Haqverdiyevanın "İsanın yatağındakı İlahə" adlı kitabın təqdimat mərasimi keçirilib. Movqe.az xəbər verir ki, tədbirdə xalq şairi Fikrət Qoca, Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza, şair Səlim Babullaoğlu, xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Rəhman Rəhmanov, Qurban Məsimov, yazıçılar, mədəniyyət işçiləri, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza açaraq  sözügedən kitabın AYB-nin aybkitab layihəsinin nəşri olduğunu bildirib: "Bu kitab ədəbiyyatımızda cəsarətli bir addım hesab olunur. Oxuculara təqdim olunan bu kitabda müasir həyatımızda baş verən bir sıra hadisələrin təsviri öz əksini tapıb. Əsasən ailə-məişət mövzusunda yazılmış povest və hekayələrdə müəllif çalışıb ki, problem və onu yaradan səbəbləri göstərsin. Əsərdə adət-ənənəyə hörmət, dostluğa sədaqət, verilən vədə əməl etmək kimi müsbət keyfiyyətlər, əxlaqi dəyərlərə xüsusi yanaşma vardır. Kitabın içərisində 4 povest və 4 hekayə var".

Daha sonra digər qonaqlar da çıxış edərək diqqətə çatdırıblar ki, oxucular hər zaman yaxşı kitab oxumağa çalışırlar. Ona görə də oxuculara maraqlı kitablar təqdim etmək lazımdır. Bildirilib ki, yalnız bununla insanları kitaba daha da yaxın etmək mümkün olar.