Girovlar dəyişdirilsin

19 Noyabr 2014 11:11 (UTC+04:00)
"Azərbaycan hazırda Dağlıq Qarabağ ərazisində saxlanılan iki kəlbəcərli girovumuz Dilqəm Əsgərovu və Şahbaz Quliyevi qaytarmalıdır. Girovlarımızın bir həftə əvvəl Ermənistan Silahlı Qüvvələrinə məxsus vertolyotun Azərbaycanın Dağlıq Qarabağ ərazisində, qoşunların təmas xəttində vurulması zamanı ölən 3 erməni hərbçi ilə dəyişdirilməsi üçün fürsət yaranıb."

Bunu ANS PRESS-ə hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin dəyişdirilməsi məsələsi gündəmə gətirilməlidir. Çünki bizim bundan yaxşı unikal şansımız olmayacaq. Bu barədə çox danışılır, amma indiki halda çox əlverişli şərait yaranıb ki, biz girovlarımızı vətəna qaytaraq.

O xatırladıb ki, ermənilər bizim vətəndaşımız Həsən Həsənovu işgəncə ilə öldürüblər. Bu məsələ də diqqətdən kənarda qalmamalıdır. Çünki onlar ata-baba yurdlarına səfər ettikləri zaman erməni silahlıları tərəfindən girov götürürlüblər. Onlardan biri işgəncə ilə öldürürlüb, ikisi isə heç bir hüquqi əsas olmayan məhkəməyə cəlb olunublar: "Nədənsə beynəlxalq qurumlar məhkəmə prosesinə heç bir reaksiya bildirmirlər. Amma Azərbaycanın beynəlxalq müstəvidə tanınmış ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mİ-24 vertolyotunun vurulması ilə bağlı davamlı olaraq bəyanatlar səsləndirilir, narahatlıq ifadə olunur. Düşünürəm ki, heç bir narahatlığa əsas yoxdur. Çünki özünə hörmət edən istənilən dövlət bu addımı atmalı idi. Azərbaycan da doğru-düzgün addım atdı və vertolyotu vurdu."

Ü.Cəfərov diqqətə çatdırıb ki, Azərbaycanın Xarici İşlər Nazirliyi 2012-ci ildə beynəlxalq aviasiya təşkilatlarına, ayrı-ayrı ölkələrə rəsmi məktub ünvanlayıb. Məktubda göstərilir ki, əgər Azərbaycanın qanunu ərazisində hər hansı uçuş, cihaz görünərsə, dərhal zərərsizləşdiriləcək.

Hərbi ekspert ATƏT-in şəxsi nümayəndəsi Anji Kaspşikin hadisə yerinə getməsinə də münasibət bildirib: "Bilirsiniz ki, Anji Kaspşik dünən hadisə yerinə gedib. Əslində, Azərbaycan tərəfi onun hadisə yerinə getməsinə icazə verməməli idi. 

Əvvəla, onun mandatında belə işlərlə məşğul olmaqla bağlı bənd yoxdur. Onun missiyası yalnız monitorinqlər keçirmək, cəbhə xəttində baş verən hadisələrlə bağlı ATƏT sədrinə məlumat verməkdir. Amma, o, iki gün əvvəl Dağlıq Qarabağa gedib, görüş keçirib. Orada təlimat aldıqdan sonra hadisə yerinə gedib. Bunu necə başa düşmək olar? 

Əlbəttə, Anji Kaspşik vəzifə səlahiyyətlərindən sui-istifadə edib və bir növ ermənilərin xeyrinə addım atıb. Azərbaycan XİN buna münasibət bildirməli, ATƏT sədrinə bu məsələləri xatırlatmalıdır."

Ü.Cəfərov Azərbaycan vətəndaşları ilə bağlı məsələlərdə çox passiv mövqe tutduqlarına görə beynəlxalq qurumları, ATƏT-i ittiham edib. O deyib ki, ermənilərlə bağlı məsələlərə dərhal reaksiya verilir. Hətta ABŞ-ın Dövlət Departamenti bu məsələyə münasibət bildirir. Lakin BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin hələ də icra olunmaması, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmaması narahatlıq doğurmur. Beynəlxalq qurumlar bu məsələlərdə susqunluq nümayiş etdirirlər. Bir sözlə, beynəlxalq təşkilatlar sanki bu münaqişənin uzanmasında maraqlı görünürlər. 

Xatırladaq ki, ötən gün Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov ermənilərə məxsus helikopterin Azərbaycanın hava sərhədlərini pozduğu üçün vurulduğunu deyib: "Meyitlər orada qalıb və heç bir tərəfdən götürmək mümkün olmayıb. Ermənilər Anjey Kaspşikə yalvarırlar. Lakin onun elə bir səlahiyyəti yoxdur. Meyitlərin qaytarlması məsələsi yalnız Azərbaycanın iradəsindən asılıdır."