Tikintisi tam baş çatmayan binalarda mənzil satışı qadağan oluna bilər

20 Noyabr 2014 07:34 (UTC+04:00)

Artıq uzun müddətdir ki, ciddi narahatlıq predmeti olaraq qalmaqda davam edən məsələlərdən biri də bir sıra tikinti şirkətlərinin vətəndaşlara qarşı yol verdikləri fırıldaqlardır. "Sevil Massivi" Mənzil -Tikinti Kooperativinin (MTK) rəhbərliyinin aldatdığı vətəndaşların keçirdikləri aksiyalar bu məsələni növbəti dəfə gündəmə gətirib. Ekspertlər isə hesab edir ki, vəziyyətdən çıxış yolu kimi artıq qəti addımlar atılmasının vaxtı çatıb. Əks halda fırıldaqçılıq halları davam edəcək. Qeyd edək ki, "Sevil Massivi" Mənzil-Tikinti Kooperativinin rəhbərlərinə cinayət işi açılandan sonra həmin ərazidə ev, torpaq sahəsi alan insanların çoxunun problemləri hələ də həll edilməmiş qalır. Onlar nə mülklərinə sahib ola bilirlər, nə də ödədikləri vəsaiti geri ala bilirlər. Bundan əvvəl "Dağlar" Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxsləri çoxmərtəbəli yaşayış binalarında 443 min 550 manat məbləğində satılmış mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını talayıb. Analoji hal "Oba" MTK təərfindən törədilib və özü əd bu son dövrlərdə baş verənlərdir. Ekspertlər isə hesab edir ki, fırıldaqçı tikinti şirkətlərinin yaratdığı problemin birdəfəlik həlli üçün təkcə cinayət işlərinin başlanması kifayət etmir və daha sərt addımlara əl atılmalıdır. Hesab edilir ki, Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Bir çox xarici ölkələrdə öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb.

Qeyd edək ki, bir sıra xarici ölkələrdə bu sahədə müəyyən təcrübə mövcuddur. Məsələn, bəzi ölkələrdə tikinti şirkəti tikintiyə başlamazdan əvvəl banka müəyyən bloklanmış depozit qoymalıdır. Tikinti başa çatmadığı vaxt bina bu depozit hesabına tikilib başa çatdırılır, ya da payçıların borcları verilir. Digər ölkələrdə ev tam tikilib başa çatmayanadək insanlardan pul almaq ümumiyyətlə qadağan edilir. Yəni şirkət evin tikintisi tam başa çatmayınca və dövlət tərəfindən qəbul olunmayınca mənzilləri sata bilməz. Yalnız müəyyən prosedurlardan sonra mənzillərin satışı üzrə müqavilələr bağlamağa başlamaq olar. Bu təcrübələrin ölkəmizdə də tətbiqi məqbul sayılır. Bundan başqa sığora məsələsinin də burada vacib rol oynmasını təklif edənlərvar.

Lakin Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib ki, Azərbaycanda aldadılmış payçıların bugünkü şəkildəki problemini sığorta vasitəsilə həll etmək mümkün olmayacaq. O, Trend-ə açıqlamasında deyib: "Azərbaycanda tikinti sahəsində mövcud olan problemlər, məsələn, bir mənzilin bir neçə müştəriyə satılması, evlərin yarımçıq tikintisi, xüsusən də aldadılmış payçıların problemləri bugünkü şəkildə sığorta vasitəsilə həll ediləcək problemlər deyil. Müxtəlif ölkələrdə bu problemlər müxtəlif cür həllini tapır və bu beynəlxalq təcrübəni öyrənmək vacibdir". Onun sözlərinə görə, sığorta müəyyən qaydalar üzrə çalışan sistemdə məna kəsb edir: "Bu gün Azərbaycanda heç kim bir mənzilin bir neçə adama satılmamasına nəzarət edə bilmir. Belə şeylərin sığortasının hətta heç tələb olunmadığı işlək sistemin yaradılması vacibdir. Məsələn, Rusiyada problemi belə həll ediblər: evin tikintisi başlanan kimi dövlət reyestrində qeydiyyatdan keçmək, mənzillərin sayı, onların sahəsi, spesifikasiyası, daha hansılarının tikiləcəyi barədə məlumat vermək lazımdır. Həmin mənzillərin hər birinin alqı-satqı müqaviləsi də qeydiyyatdan keçir. Beləliklə, dövlət etiraf edir ki, konkret mənzil konkret vətəndaşa məxsus olacaq. Və əgər digər vətəndaş elə həmin, amma mənzilin dövlətdə qeydiyyatdan keçməmiş müqaviləsini təqdim edərsə, onda problem birincinin xeyrinə həll olunur". Hər halda bu qəbildən olan təcrübələrin Azərbaycanda da tətbiqi zəruri sayılır.