Bank borclularının sayının artması böyük problemə çevrilir

20 Noyabr 2014 07:57 (UTC+04:00)

Azərbaycanda istehlak kreditlərinin verilməsində tətbiq olunmuş məhdudiyyətələrə baxmayaraq, bu qəbildən olan kreditlərin miqdarı hələ də artmaqda davam edir. Beəl vəziyyət isə bank sektoru üçün getdikcə daha ciddi təhdid mənbəyiən çevrilir. Həmçinin, bu hal insanların banklara da borclarını sürətlə artımına rəvac verir və belələri daha çox sadə vətəndaşlardır. Əsas borc və ona görə ödənilən faizlər bu şəxslərin gündəlik həyatına təsirsiz ötüşmür.

Məlumat üçün qeyd edək ki, bu ilin 9 ayı ərzində ev təsərrüfatlarına verilən istehlak kreditlərinin həcmi 1 milyard 38,7 milyon manat və ya 16,7% artaraq 7 milyard 253,4 milyon manata çatıb. Bu fonda bankların başağrısına çerilən problemli kreditlərin də miqdarı çoxalıb. Ümumiyyətlə, bu ilin 9 ayında vaxtı keçmiş kreditlərin həcmi 180,4 milyon manat və ya 22,7% artıb. Halbuki, ötən ilin eyni dövründə vaxtı keçmiş kreditlərin həcmi cəmi 46,2 milyon manat artmışdı. Vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi 5,5% təşkil edir. 2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2014-cü ilin eyni dövründə isə cəmi borcalanların sayı 21%, başqa sözlə, 387 min 842 nəfər artaraq bu ilin oktyabr ayının 1-nə 2 milyon 233 min 256 nəfər təşkil edib. Bunun 2 milyon 203 mini məhz fiziki şəxsdir. Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2013-cü ilin sentyabr ayından indiyədək daha 383 min 762 fiziki şəxs borcalanların siyahısına daxil olub.

Vətəndaşlar 10 ay ərzində kredit təşkilatlarına təxminən 821 milyon manat kredit faizi ödəyib.Cari ilin yanvar-oktyabr aylarında ölkə əhalisi tərəfindən əldə edilmiş 30,4 milyard manatlıq gəlirin 2,7 faizi və ya 820,8 milyon manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Halbuki, ötən ilin eyni dövründə əhali 29,1 milyard manatlıq gəlirin 1,7 faizini və ya 495 milyon manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf etmişdi. Yəni, əhalinin kreditlər üzrə faizlərin ödənilməsinə sərf etdiyi vəsait 326 milyon manat və ya 66% artıb.

Bütün bu statistik rəqəmlər isə ekspertlərə görə, vətəndaşlar və banklar üçün heç də tam qənaətbəxş hal sayıla bilməz. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Elman Rüstəmov yaranmış vəziyyətlə bağlı qeyd edib ki, AMB tərəfindən bu balansı saxlamaq üçün gələcəkdə də müvafiq addımlar atılacaq: "Təbii ki, əhali daha çox kredit götürmək istəyir. Amma həddindən artıq borclanma bir çox fəsadlara gətirib çıxara bilər. Banklar təkcə öz vəsaitləri ilə yox, həm də ictimai fondlarla, yəni əhalinin əmanətləri ilə işləyirlər. Hesablamalar, stress-testlər göstərir ki, bankların pul qazanmaq naminə belə bir ekspansiyaya yol verməsi son nəticədə bu sektorun sabitliyini poza bilər. Dövlətin isə borcu həm əhalinin, həm biznesin, həm də bankların mənafelərini qorumaqdan ibarətdir". Beləliklə, Elman Rüstəmov da açıq etiraf edir ki, əhali tərəfindən həddindən artıq borclanma bir çox fəsadlara gətirib çıxara bilər. Məsələ bundadır ki, istehlak kreditlərinin necə gəldi verilməsi və artımı iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir. Digər tərəfdən, heç bir bank yalnız istehlak kreditləri verməklə güclü və sağlam maliyyə qurumuna çevrilə bilməz və bu, onlar üçün ciddi problem yarada bilər. Ekspertlərə görə, kommersiya bankları iri infrastruktur, sənaye, istehsal və xidmət layihələrinin maliyyələşdirilməsinə cəlb edilməli və bu yolla artmalıdırlar. Yəni, əsas etibarı ilə real sektorla işləməlidirlər. İstehlak kreditləri isə həm banklar, həm də əhali üçün əslində, problem mənəbyinə çevrilir. Faizlərin yüksəkolması da jiddi problem mənbəyi olaraq qalır. Bank faizlərinin azalması istiqamətində atılan addımlar hələ ki, bəhrəsini vermir. Hesab olunur ki, gələn il zəif banklar bazarı tərk etdikdən sonra bəzi bankların müştəri kontingenti artması hesabına faizlərdə azalma ola bilər. Amma ciddi azalmadan söhbət gedə bilməz. Hər halda bu məsələyə daha sərt formada inzibati müdaxiləyə ehtiyac var. Millət vəkili Fəzail Ağamalı da kommersiya banklarının verdiyi kreditlərin faizlərinin yüksək olduğunu qeyd edir. O bildirib ki, bu kreditlərin faiz dərəcəsi çox yüksəkdir: "Faizlərin aşağı salınmasına ciddi ehtiyac var. Əgər kommersiya bankları Mərkəzi Bankın tələblərinə riayət etmirsə, Mərkəzi Banka qanunvericiliklə müəyyən olunmuş əlavə səlahiyyətlər verilməlidir ki, həmin banklara təsir edə bilsin və bununla insanlarımızı kommersiya banklarının nəhəng mədəsindən qurtarmış olsun".