Rusiya Azərbaycandan daha çox ərzaq məhsulları almaq istəyir

20 Noyabr 2014 08:19 (UTC+04:00)

Şimal qonşumuz Azərbaycandan daha çox məhsul idxal edilməsində artıq kifayət qədər maraqlı tərəf olduğunu açıq bəyan edir. Bu fonda Rusiya Azərbaycandan daha çox çeşiddə məhsul alınması üçün də marağını gizlətmir. Artıq bəllidir ki, Rusiya Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") bu ilin sonunadək Azərbaycandan ət, süd və balıq məhsullarının idxalına icazə verə bilər. Qurumun rəhbərinin köməkçisi Aleksey Alekseyenkonun sözlərinə görə, "Rosselxoznadzor" 2015-ci ilin ilk rübündə ət, süd və balıq məhsullarının istehsalı üzrə Azərbaycan müəssisələrinin informasiya yoxlanışını həyata keçirməyi planlaşdırıb: "Lakin Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin çoxsaylı müraciətləri ilə əlaqədar yoxlanışı 2014-cü ilin dekabrın əvvəlinə keçirmək qərara alınıb. Əgər yoxlama nəticəsində heç bir problem aşkarlanmasa, o zaman Azərbaycan məhsullarının Rusiyaya idxalına bu ilin sonunadək icazə verilə bilər". Maraq doğuran hal bunun daxili bazara nə vəd etməsidir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycandan Rusiyaya heyvandarlıq məhsullarının ixracı bağlı fikirlərini belə açıqlayır: "Azərbaycan istehsal etdiyi heyvandarlıq məhsullarının maya dəyəri nisbətən yüksəkdir. Yəni, təklif olunan məhsulun satış qiyməti də yüksək olacaq. Ancaq son zamanlar Azərbaycan quş əti istehsalında müəyyən irəliləyişlər əldə edə bilib. Ancaq bununla yanaşı, biz quş ətini həm də idxal edirik. Ola bilsin ki, quş ətində Rusiya ilə alış-veriş baş tutsun. Çünki, bizim quş ətinin qiyməti Rusiya əhalisi üçün əlçatan ola bilər. Ancaq iri buynuzlu heyvan, qoyun əti, nə də süd Rusiya istehlakçılarını maraqlandırmayacaq. Bundan başqa, heç düşünmürəm ki, Azərbaycanda daxili bazara təsir edəcək qədər məhsul ixrac etsin. Biz özümüz keçən və bu il Gürcüstandan kifayət qədər - 120 min baş iri buynuzlu mal-qara idxal etmişik. Bu isə böyük rəqəmdir. Odur ki, əgər Rusiya bazarında ətə, südə ehtiyac yaranarsa, ilk növbədə bizim qonşular bunda maraqlı olacaqlar".

Ekspert qeyd etdi ki, Rusiyanın bu addımı iqtisadi əsasdan çox siyasi xarakter daşıyır: "Bilirik ki, Rusiya Qərbin sanksiyalarına cavab olaraq Avropadan məhsul idxalına embarqo qoyub. Amma məsələyə iqtisadi baxımdan yanaşdıqda məhsulun maya dəyəri ucuz olan ölkələr qabiliyyətli olurlar. Hətta Rusiya üçün ciddi problemlər yaransa belə, Azərbaycanın özünün o həcmdə süd və ət məhsulu yoxdur. İstisna olaraq, Rusiyanın yaxın vilayətlərinə müəyyən həcmdə heyvandarlıq məhsulları ixrac edə bilərik. Bunlar da əsasən emal olunmuş ət, kolbasa, sosiska formasında ola bilər".

Vahid Məhərrəmovun fikrincə, balıq sahəsində də problemlərimiz mövcuddur: "Düzdür, balıq işində bizim müəyyən üstünlüklərimiz var. Azərbaycan bölgədə yeganə ölkədir ki, balıq istehsalında yaxşı naliyyətlər əldə etmək olar. Xüsusi ilə Aran bölgəsində göl balıqçılığını misal göstərə bilərik. Bununla da ixracatı artıra bilərik. Ancaq potensialımız olsa da, balıqçılar bu işin öhdəsindən gələ bilmirlər. Hətta qonşu ölkələr belə bu sahədə daha irəlidədirlər. Biz özümüzün balığa olan tələbatımızın təxminən üçdə birini ödəyə bilirik. Halbuki, balıqla bağlı potensialımız var, amma bu potensialı reallaşdıra bilməmişik. Elə bu gün özümüz Rusiyadan, Viyetnamdan balıq idxal edirik. Yəni, balıq ixracı da çətin məsələdir. Bu məsələdə İranın daha böyük imkanı var. Çünki, İranda balıq istehsalı daha ucuz başa gəlir".