Azərbaycanın strateji əhəmiyyəti ABŞ konqresmenlərinin xüsusi diqqət mərkəzində

20 Noyabr 2014 09:06 (UTC+04:00)

Xəbər verildiyi kimi, ABŞ konqresmenləri Robert Aderholt və Mayk Doyl prezident Barak Obamaya Azərbaycanla bağlı məktubla müraciət ediblər. Hər iki konqresmen ayrı-ayrılıqda prezidentə ünvanladığı müraciətində ABŞ-ı Azərbaycana dəstək verməyə çağırıb.

Onlar məktublarında Azərbaycanın ABŞ-a mühüm müttəfiq olduğunu bildirib, Azərbaycanın strateji mövqeyini, Əfqanıstandakı antiterror əməliyyatlarına dəstəyini, Avropanın və İsrailin enerji təhlükəsizliyinə töhfəsini qeyd ediblər. O, Bakı-Tiflis-Ceyhan boru kəməri və "Cənub" qaz dəhlizinin əhəmiyyətini xüsusi vurğulayıb.

Konqresmenlər Azərbaycanın və ABŞ-ın Xəzər dənizi regionunda uzunmüddətli maraq və çağırışları paylaşdığını qeyd ediblər və bu əhəmiyyətli dövrdə Birləşmiş Ştatların öz müttəfiq və tərəfdaşları ilə münasibətlər saxlamasının önəmini vurğulayıblar.Robert Aderholt Barak Obamanı və dövlət katibi Con Kerrini Azərbaycana səfir təyin olunması prosesini sürətləndirməyə və yüksək səviyyəli administrasiya rəsmisini Azərbaycana səfərə göndərməyə çağırıb.

Mayk Doyl Azərbaycanın ABŞ-ın sınanmış müttəfiqi və mühüm strateji tərəfdaşı olduğunu, regiondakı mövcud çağırışlara baxmayaraq Birləşmiş Ştatlarla tərəfdaşlığa sadiq qaldığını qeyd edib. O, Azərbaycandakı dünyəvilik və dözümlülük ənənələrini xüsusi qeyd edib.

Təhlükəsizlik və Enerji Tədqiqat Mərkəzinin rəhbəri

Ceyhun Mahmudlu bildirdi ki, ABŞ Konqresində "Azərbaycan dostları" qrupu var: "ABŞ prezidentinə göndərilən məktublar çox pozitiv haldır. Belə işləri konqresmenlər şəxsi təşəbbüsləri ilə həyata keçirmiş olurlar. Amma bu məsələlərin daha effektiv nəticələr verməsi üçün konqresmenlərin sayı böyük əhəmiyyət kəsb edir. Son bir neçə ildə bu proseslər daha da sürətlənməyə başlayıb. Davamının gəlməsi həm ABŞ, həm də ölkəmiz üçün çox əhəmiyyətlidir. Proseslərin davamı gəlmiş olarsa, Konqresdə Azərbaycan lehinə müəyyən addımlar atıla bilər. ABŞ-Azərbaycan münasibətlərində bəzi məsələlərdə fikir ayrılığı olsa da, bir çox məsələlərdə Azərbaycan ABŞ ilə aktiv əməkdaşlıq edir. Xüsusi ilə anti-terror əməliyyatlarında Azərbaycan ABŞ-a yaxından dəstək verib ki, bu da Amerikada müsbət qiymətləndirilib. Digər tərəfdən, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlərdən biridir. Bu baxımdan ABŞ-ın rolu böyükdür. Xüsusi ilə 1997-1999 –cu illərdə münaqişənin həlli ilə əlaqədar çox aktiv fəaliyyət göstərib. Odur ki, indi bu proseslərin davam etməsi ölkəmizin lehinədir. Çünki, Konqres ABŞ-ın xarici siyasətinə təsir göstərə bilir. Proseslər davam edərsə, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın aktiv mövqeyini görə bilərik".

Digər politoloq Fərhad Mehtiyev bildirdi ki, Robert Aderholt respublikaçıdır: "Həmçinin ABŞ Konqresində müxtəlif komitələrin təmsilçisidir. Diqqət çəkən məqamlardan biri də odur ki, bu şəxs təhlükəsizlik komitəsinin və Türkiyə ilə bağlı qrupun üzvüdür. Respublikaçılar xarici siyasətdə daha çox real platforma ilə çıxış edirlər. Görünən budur ki, Robert Aderholt ABŞ-ın milli maraqlarında Azərbaycanı dəstəkləyən bir insandır".

Bu arada qeyd edək ki, Texas ştatından olan konqresmen Stiv Stokman da Ermənistanın hərbi hava qüvvələri tərəfindən Azərbaycanın hava sərhədinin pozulması ilə əlaqədar, Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 helikopterinin vurulması barədə bəyanatla çıxış edib. Konqresmenin ictimaiyyətə müraciətində bildirilir ki, işğal edilmiş Qarabağda təmas xətti boyunca münaqişənin genişlənməsi ABŞ Konqresini narahat edir. O vurğulayıb: "Təəssüf ki, bu yaxınlarda gərginliyin artması, Azərbaycanın hava sərhədini pozmuş Ermənistan hərbi hava qüvvələrinə məxsus helikopterin məhv edilməsi ilə nəticələnib. Bu hadisədə insanların həlak olması kədər doğurur, lakin Ermənistan komandanlığı helikopterin heyətinə Azərbaycan ərazisinə keçmək barədə verilmiş əmrə görə məsuliyyət daşıyır".

S.Stokman daha sonra Ermənistanı və Azərbaycanı münaqişəni dinc yolla nizamlamağa, beynəlxalq miqyasda tanınmış sərhədlərə və ərazi bütövlüyünə, o cümlədən hər iki ölkənin hava sərhədlərinə hörmətlə yanaşmağa çağırır. Bəyanatda vurğulanır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən sonra bu hadisənin baş verməsi təəssüf doğurur, halbuki həmin görüşdə münaqişənin dinc yolla tənzimlənməsinə çox ümid vardı. S.Stokman bəyanatın sonunda Ermənistanı və Azərbaycanı təmkin nümayiş etdirməyə, münaqişə zonasında sabitliyi poza biləcək hərəkətlərə yol verməməyə çağırıb. Konqresmen ABŞ prezidentini də ATƏT-in Minsk qrupunun həmsədri statusundan istifadə etməklə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün səyləri fəallaşdırmağa çağırıb.