Qadın xəyanətləri ailələrin dağılmasını sürətləndirir

20 Noyabr 2014 11:25 (UTC+04:00)

Bu ilin doqquz ayında ölkədə 63 min nikah və 9 min boşanma halları qeydə alınıb.  Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövründə isə ölkədə 63,2 min nikah və 8,7 min boşanma qeydə alınıb.Komitənin statistik göstəricilərindən belə bəlli olur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə nikaha girənlərlə yanaşı, nikahı pozulanların da sayı artıb. Mövcud rəqəmlər göstərir ki, ailə institutu ilə örnək sayılan Azərbaycanda artıq bu sistem məhvə doğru sürüklənir. İllər öncə ailə müqəddəs ocaq kimi qorunub saxlanırdısa, indi bu ocağın alışması ilə sönməsi bir olur. Elə ekspertlər də dağılan ailələrin sayının günü-gündən artmasının təhlükəli həddə doğru irəlilədiyini söyləyirlər.   "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bizimlə söhbətində qeyd etdi ki, boşanmaların sayının artması ölkədə ailə münasibətlərində ciddi böhranın olduğunun göstəricisidir: "Hər bir ailənin öz dramı var. Boşanmaların səbəbləri müxtəlifdir. Amma əsas səbəb kimi cütlüklərin biri-birinə inamsızlığı, dözümsüzlük rol oynayır. Əslində evlənən cütlüklər arasında qarşlılıqlı inam və etibar olmalıdır. Amma hazırda ailə münasibətlərinə kənar müdaxilələr də  var. Bunlar qohumluq münasibətlərindən tutmuş, sosial şəbəkələrə qədər olan münasibətlərə qaynaqlanır. Əvvələr ailədə böyüklük ailə dəyərələrinin möhkəmlənməsinə yönəlik idisə, indi bu addımlar daha çox dağıdıcı rol oynayır".

Mehriban Zeynalova deyir ki, ailənin təməlini qoruyan, saxlayan qadınların davranışlarında da ciddi dəyişiklik nəzərə çarpır: "Digər bir hal isə hər iki tərəfin xəyanət etməsi və bunun normaya çevirməsidir. Bu münasibətlər də ciddi assosial hal alıb. İndi qadınlar arasında xəyanətin artması ciddi siqnaldır və bunun qarşısının alınması qarşılıqlı öhdəlik və məsuliyyətin dərk edilməsi ilə mümkün ola bilər. Əvvəl əri xəyanət edən qadın dözüb otururdusa, indi qadınlar xəyanətə xəyanətlə cavab verirlər. Bu da ailələrin dağılmasını sürətləndirir".

M. Zeynalovanın sözlərinə görə, əvvəlki Azərbaycan ailələrində olduğu kimi hazırki ailələrdə kişiyə itaət, "ər nə deyirsə o da olmalıdır" fikri ilə razılaşmırlar: "Qadınlar öz hüquqlarını bilir və tələb edirlər. Azərbaycanda kişilər bineyi-qədimdən öyrəşiblər ki, onların "bir sözü iki olmasın". İndi qadın kişiyə cavab qaytarıb haqqını tələb edəndə bizim kişilər bunu  çox sərt qarşılayır".

Birlik sədri deyir ki, kiçik söz-söhbətlər ailələrdə çox zaman böyük münaqişələrə çevrilir, ailənin dağılması ilə nəticələnir: "Çox təəssüf ki, əvvəllər uşaq olan ailələrdə boşanma hallarına az-az rast gəlinirdisə, indi uşaq ailəni qoruyan əsas varlıq sayılmır: "Əvvəllər ailədə nə söz-söhbət olsa da, ortada uşaq olduğundan ailədə qopma, ayrılma olmurdu. Uşaq bu bağlılığın qırılmaz teli sayılırdı. İndi qadınlar uşaqla belə boşanmağı gözə alırlar. Kişilər də bəzən övladı gözə almadan bu qərarı verirlər".

Ekspertin sözlərinə görə, boşanmalar ən çox uşaqların həyatına mənfi iz buraxır: "Boşanmaların sürətlənməsi atasız böyüyən uşaqların sayını da artırır. İstər qız, istər oğlan uşaqları ailədə ata tərbiyəsi görməli, onun varlığını hiss etməlidirlər. Amma boşanmalar uşaqların tərbiyəsində öz mənf təsirini göstərir. Uşaqlara psixoloji cəhətdən də təsirsiz ötüşmür". 

Qeyd edək ki, ölkədə boşanmaların sayının artmasında əcnəbilərlə nikahların pozulmasının payı az deyil. Statistika göstərir ki, Azərbaycanda ölkə vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın bağlanması və pozulması faktları artıb. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən verilən məlumata görə, 2013-cü ildə Azərbaycanda ölkə vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 2480 nikah bağlanıb. Bu isə 2012-ci ilə nisbətən 43 faiz artım deməkdir. Xatırladaq ki, 2012-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 1932 nikah bağlanmışdı. Bununla yanaşı, Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın pozulması halları da artıb. Belə ki, 2012-ci ildə bu rəqəm 148 idisə, ötən il 211 fakt qeydə alınıb. M. Zeynalova bəzən "ağ atlı oğlan" arzusunda olan qızların əcnəbilərlə nikahının heç də uğurlu olmadığını, onlar arasında aldadılaraq insan alveri qurbanına çevrilənlərin də sayının az olmadığını söyləyir.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə  boşanmaların sayının artmasında əsas amil kimi xasiyyətlərin tutmamasını əsas gətirir. Komitədən bildirirlər ki, xasiyyətlərin uyğunsuzluğu cavan ailələrin dağılması ilə nəticələnir: "Əsas amil xasiyyətlərin uyğunsuzluğudur. İndi qurulan ailələr ona görə tezliklə dağılır ki, cütlüklər biri-birinin xasiyətinə bələd olmadan tez evlənmək qərarı verirlər. Ailə qurmağa bir qədər asan həll olunan məsələ kimi yanaşılar. Amma onlar ailə qurmağa qərar verməzdən əvvəl yaxşı fikirləşməlidirlər. Bizim ailələr həm də ona görə uzunömürlü olub ki, bu məsələyə valideynlər də münasibət bildiriblər. Valideyn böyük olduğundan kiçiyin həmişə ata-ananın məsləhətinə ehtiyacı var. Valideyn övladına pis əməli məsləhət görməz. Ona görə də ailə quranda gənclər valideynlərin də fikrini öyrənməlidirlər. Təcrübə göstərir ki, belə aillər daha uzunömürlü olur. Çünki valideyn istənilən məsləhəti öz həyat təcrübəsinə dayanaraq verir".

Amma Komitədən erkən nikahların son illər dağılan ailələrin sayının artmasında xüsusi çəkisi olduğunu söyləyirlər: "Özünü yaxşı tanımayan insan başqasını tezliklə tanıya bilməz. Bunun üçün insan müəyyən yaşa dolmalı, həyat təcrübəsi olmalıdır. Amma bəzən erkən nikaha girənlər səhv seçim edirlər. Daha doğrusu onların seçim etmək üçün yaşları, təcrübələri olmadığından öz gələcək ailə yoldaşlarını da düzgün seçə bilmirlər. Ailənin nə demək olduğunu anlamayan insanın nikaha girməsi, az keçməmiş bu ittifaqın dağılması ilə nəticələnir. Ona görə də valideynlər çalışmalıdırlar ki, öz övladlarını erkən nikahdan çəkindirsinlər".   

Komitədən bildirdilər ki, dövlətin ailə siyasətini həyata keçirən bu qurum ölkədə boşanmaların sayının azalması üçün bir sıra layihələr həyata keçirir: "Normal cəmiyyət qurmaq üçün möhkəm, uzunömürlü ailələrin olması şərtdir. Dövlətin istədiyi odur ki, cəmiyyətdə möhkəm ailələrin sayı çoxolsun. Bu zaman cəmiyyətdə problemlərin sayı azalar. Odur ki, Komitə Azərbaycanda ailə institutunun qorunub saxlanılması üçün müxtəlif layihələr həyata keçirir. Hesab edirik ki, bu gün Azərbaycanda boşanmaların qarşısının alınması üçün maarifləndirmə işinin sürətləndirilməsi mütləqdir".