Yol polisi üçün əlverişli qərar!

20 Noyabr 2014 13:17 (UTC+04:00)

İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi tezliklə Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasına inteqrasiya ediləcək. 


Movqe.az xəbər verir ki, bunu Trend-ə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.Onun sözlərinə görə, İSB-nin informasiya sistemi tezliklə DİN-in nəqliyyat vasitələri və şəxsiyyət vəsiqələri üzrə məlumat bazasına inteqrasiya olunacaq: "Hazırda texniki məsələlər yekunlaşmaq ərəfəsindədir".


N.Xəlilov qeyd edib ki, yol polisi artıq avtomobili saxlamadan avtomobilin texniki baxışdan keçməsi, onun qaçırılması və s. məsələləri yoxlaya bilər: "Hazırda yol polisinin zəruri texniki imkanları var və inteqrasiyadan sonra yol polisi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə polisin mövcudluğunu məsafədən yoxlaya biləcəklər".


O, əlavə edib ki, inteqrasiyadan sonra blanklardan imtina etmək və AVSMMİS üzrə elektron polisə keçmək imkanı yaranacaq: "İnteqrasiya sığorta şirkətlərinin icrasına 2011-ci ilin dekabrında başladıqları "İcbari sığortlar haqqında" qanun çərçivəsində həyata keçirilir".


AVSMMİS polisinin olmamasına görə tətbiq edilən cərimələrə gəlincə, N.Xəlilov bildirib ki, onların artırılmasına ehtiyac görmür: "Hazırda fiziki şəxslər üçün müvafiq sığortanın olmamasına görə cərimənin həcmi 50 manat, vəzifəli şəxslər üçün 100 manatadək, hüquqi şəxslər üçün isə 300 manatadəkdir".


İnformasiya sisteminin inteqrasiyası ilə diqqətli sürücülərə qarşı tətbiq edilən bonus sistemindəki çatışmazlıqlar aradan qaldırılacaq. Onun sözlərinə əsasən, ümumilikdə "bonus-malus" sistemi normal işləyir, lakin sığorta agentlərinin məlumatları səhv daxil etməsi üzündən müəyyən problemlər yaranır: "Bu sistem insanın şəxsiyyət vəsiqəsinin PIN kodu üzrə identifikasıyasını həyata keçirir. Sistem bu PIN kod üzrə insanın kimliyini müəyyənləşdirir və onu birinci dəfə səhv, növbəti dəfə isə doğru daxil edərkən sistem həmin insanı eyni şəxs kimi tanımır və əvvəlki informasiyanı nəzərə almır. Lakin inteqrasiyadan sonra (DİN-in məlumat bazası ilə) bu problem həll olunacaq".