Prezidentə medal təqdim olundu
20 Noyabr 2014 17:34 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 20-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas
Baxı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul
edib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas
Bax Azərbaycanda həyata keçirilən böyük inkişaf proseslərinin onda
dərin təəssürat yaratdığını dedi və əldə olunan uğurlar
münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş
Assambleyasının Bakıda keçirilməsini əhəmiyyətli hadisə kimi
dəyərləndirən dövlətimizin başçısı ölkəmizin belə bir tədbirə ev
sahibliyi etməsindən məmnun olduğunu dedi. Prezident İlham Əliyev
qonaqların ölkəmizlə yaxından tanış olması üçün bu cür tədbirlərin
yaxşı fürsət yaratdığını bildirdi. Bir sıra beynəlxalq tədbirlərin
təşkilində ölkəmizin yaxşı təcrübəyə malik olduğunu vurğulayan
dövlətimizin başçısı birinci Avropa Oyunlarının da uğurla
keçiriləcəyinə əminliyini ifadə etdi.
Görüşdə Azərbaycanda idmanın inkişafına dövlət
səviyyəsində göstərilən diqqətin önəmi qeyd olundu, ölkəmizin bu
sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışıldı, Bakıda
keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq
işləri görülməsindən məmnunluq ifadə olundu.
Sonra Tomas Bax Beynəlxalq Olimpiya Komitəsi
tərəfindən dövlət başçıları üçün hazırlanmış xatirə medalını
Prezident İlham Əliyevə təqdim etdi. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bu xatirə medalının təqdim olunduğu ilk
dövlət başçılarından biridir.
Sonda xatirə şəkli çəkdirildi.
Noyabrın 20-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin adından Beynəlxalq Olimpiya Komitəsinin
prezidenti Tomas Baxın və Avropa Olimpiya Komitəsinin prezidenti
Patrik Hikkinin şərəfinə ziyafət verildi.