Bakıdan ATƏT-ə cavab
20 Noyabr 2014 22:49 (UTC+04:00)
ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı
təəssüf və təəccüb doğurur. ANS PRESS-in məlumatına görə, Müdafiə
Nazirliyi qurumun bəyanatı ilə bağlı açıqlama verib. Açıqlamada
deyilir:
"Noyabrın 12-də cəbhənin Ağdam rayonu
istiqamətində Silahlı Qüvvələrimizin mövqelərinə hücum edən
Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 tipli döyüş
helikopterinin cavab atəşilə məhv edilməsi faktı ilə bağlı ATƏT-in
Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanat təəssüf və təəccüb
hissi doğurur.
Bəyanata cavab olaraq bildiririk ki, qoşunların
təmas xəttində heç bir neytral ərazi yoxdur və ola da bilməz.
Ermənistan tərəfindən işğal olunmuş torpaqlar beynəlxalq
ictimaiyyət tərəfindən tanınmış Azərbaycan Respublikasının
əraziləridir.
Bəyanatda işlədilən "humanitar keçid" termini isə
anlaşılmazdır və münaqişənin mahiyyətindən bixəbər olanlara
hesablanıbdır. Hazırda bu ərazidə heç bir dinc sakin və ya mülki
şəxs yoxdur ki, onların döyüş gedən ərazidən çıxarılması üçün hər
hansı bir "keçid" və ya "dəhliz" açılsın.
"Ərazidə atəşin dayandırılması" və "ərazilərin
minalardan təmizlənməsi" fikirləri isə tam əsassızdır və erməni
tərəfinin maraqlarına hesablanıb. Bu, yalnız bir halda - Ermənistan
silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz işğal olunmuş
ərazilərdən çıxarılmasından sonra mümkün ola
bilər.
Azərbaycanın daim qarşı tərəfi beynəlxalq hüququn
norma və prinsiplərinə, müharibənin aparılması qaydalarına riayət
etməsi çağırışına baxmayaraq Ermənistan hər zaman bundan boyun
qaçırır və cinayət törətməkdə davam edir".
Müdafiə Nazirliyi bir daha bildirir ki, düşmən
tərəfi mütəmadi olaraq qəsdən bu ərazidə təxribatlar törətməklə
məsələni qeyri-obyektiv formada təqdim etməyə cəhd göstərir və
təəssüflər olsun ki, bu prosesə münaqişənin dinc yolla həll
olunması missiyasını üzərinə götürən, obyektivlik nümayiş etdirməyə
borclu olan beynəlxalq qurumları da öz mövqeyindən çıxış etməyə
təhrik edir.