Sosial evlərin inşasının ləngiməsi parlamentdə də narazılıq yaratdı

21 Noyabr 2014 07:58 (UTC+04:00)

Azərbaycanda sosial evlərin tikintisi məsələsi Milli Məclisin büdcə layihəsinin müzakirəsinə həsr olunan iclaslarında da bir çox deputatlar tərəfindən yenidən gündəmə gətirildi. Məsələn, millət vəkili Qənirə Paşayeva bildirdi ki, hökumət 2015-ci ilin dövlət büdcəsində ipoteka kreditlərinə ayrılan vəsaitin həcmini artırmalı, şərtləri yumşaltmalı və imkansız ailələr üçün sosialmənzillərintikintisi həyat keçirilməlidir: "Minlərlə ailəmənzilproblemindən əziyyət çəkir. İmkansız, maddi imkanları aşağı olan ailələrinmənzillətəminatı istiqamətində ipoteka ilə yanaşı, daha güzəştli şərtləri özündə ehtiva edən layihələrə ehtiyac var". Digər millət vəkili İqbal Ağazadə isə qeyd edir ki, ölkədə gənclər şəhərciyi tikilsin: "Vətəndaşlar 25 il müddətinə, ayda 160 manat olmaqla 100 kvadratmetrlikmənzilinpulunu ödəyə bilər. Növbəti büdcədə bunun nəzərə alınmasını istəyərdim".

Eyni mövqedən daha bir neçə deputat çıxış edib. Amma belə evlərin inşası gecikir. İqtisadçı-ekspert Ramin Osmanlının fikrincə, gecikmə iqtisadi siyasətlə bağlıdır: "Ölkədə bu reyestr işi ilə məşğul olan şirkətlərin sayı azdır. Düşünürəm, bu sahədə bir etimad mühitinin formalaşması, "makler" adının ortadan götürülməsi üçün belə layihələrin və şirkətlərin sayı çoxaldılmalıdır. Amma bu artım bazardan asılıdır. Təəssüf ki, bizdə sosial evlər anlayışı yoxdur. Məsələn, əvvəllər yataqxanalar vardı, indi onların çoxunda qaçqın və məcburi köçkünlər yaşayır. Düzdür, icarə və kirayə işinə baxan şirkətlər mövcuddur, amma onlar vasitəçiliklə məşğuldurlar, çünki bu evlər onların əmlakı deyil. Daşınmaz əmlak bazarı, onun ayrı-ayrı komponentləri inkişaf etdikcə, həmin bu sosial evlərin də tikilib icarəyə verilməsi prosesi inkişaf edəcək. Sosial evlərlə bağlı məsələnin Milli Məclisdə müzakirəyə çıxarılması təqdirəlayiq haldır. Nəhayət ki, Milli Məclis bu istiqamətdə müzakirələrə başlayır. Ümid edirəm ki, bu müzakirələr pozitiv sonluqla bitəcək. Sosial evlərin tikintisi məsələsinin gecikmə səbəblərinə gəldikdə, düşünürəm ki, bu hər halda hökumətin apardığı iqtisadi siyasətin təzahürlərindən biridir. Amma bütövlükdə baxdıqda 2009-cu ilin oktyabrından qüvvəyə minən Mənzil Məcəlləsinin əksər müddəaları bu günə qədər işlək mexanizm halına gətirilməyib. Artıq məcəlləyə müəyyən dəyişikliklər də olub. Buna baxmayaraq, məcəllədən irəli gələn məqamlar işlək deyil. Bunun da səbəbləri müxtəlifdir. Faktiki olaraq, məcəllədə əks olunan bir sıra məqamların reallması istiqamətində təşəbbüslər hələ ki, ortalıqda deyil. Əslində, ölkədə sosial evlərin tikilməsi üçün kifayət qədər şərait də var. Azərbaycanın iqtisadi imkanları Sosial Mənzil Fondunun yaradılmasına imkan verir. Dövlət Neft Fondu, Prezidentin Ehtiyat Fondu və s. fondlardan nəğd şəkildə də bu prosesə vəsait ayrıla bilər. Eyni zamanda dövlət büdcəsinin sosial xərclər bölümündə bu fondun yaradılması ilə bağlı xərc maddəsi əlavə oluna bilər. Ümumiyyətlə, sosial evlərin olması Azərbaycanda vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılacaq mühüm addım ola bilər. Onun işə düşməsi mənzil bazarındakı katostrafik qiymət artımlarının da qarşısını alar".

"MBA Konsaltinq" şirkətinin rəhbəri Nüsrət İbrahimli isə bu qənaətdədir ki, sosial evlərin tikintisinə başlamağın zamanı yetişməyib: "Belə evlərin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti ödənişsiz torpaq sahələri ayırmalıdır. Habelə, tikinti şirkətlərini bu istiqamətdə işləməyə maraqlı etməli, onları bu layihələrə cəlb etməlidir. Maya dəyəri aşağı olsa, torpaq sahəsi şəhər icra hakimiyyəti tərəfindən demək olar ki, pulsuz ayrılsa, hazır layihələr təqdim edilsə, proses tikinti şirkətləri üçün də maraqlı olar. İndilikdə isə maya dəyəri baha olduğundan tikinti şirkətləri də sosial ev layihəsinə həvəs göstərmir. Bu tendensiya da sosial evlərin tələbinə cavab vermir. Sosial evləri boş torpaqların olduğu, şəhərin nisbətən kənar ərazilərində tikmək mümkündür".