Dövlətə qarşı yönəldilən QHT-lər

21 Noyabr 2014 08:25 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bəzi qeyri-hökumət təşkilatlarına xarici donorlar tərəfindən ayrılan qrantlarla bağlı çox maraqlı məqamalara toxunub: "Məlumatlara görə, bəzi donorlar qeyri-hökumət təşkilatlarına vəsaiti nağd şəkildə verirlər. Yəni vəsait qrant kimi rəsmiləşdirilmir. Bu zaman qeyri-hökumət təşkilatları əldə etdiyi vəsaitdən vergi ödəməli olduqları halda, bunu etmirlər.

Burada bir məqamı da qeyd etmək istəyirəm. Azərbaycanın və bəzi qonşu ölkələrin təcrübəsi göstərir ki, bir sıra qeyri-hökumət təşkilatları donorlarından qrantlar və digər vəsaitlər almaqla heç də vətəndaş cəmiyyətinin inkişafı deyil, ölkənin konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi istiqamətində fəaliyyət göstərirlər. Bəzi hallarda xarici donorlar müəyyən təşkilatları məqsədli şəkildə maliyyələşdirir və onları ölkə qanunlarını, sabitliyi kobud surətdə pozan qanunsuz fəaliyyətə sövq edirlər. Bundan belə nəticəyə gəlmək olar ki, müəyyən xarici təşkilatlar vətəndaş cəmiyyəti institutlarını inkişaf etdirməklə deyil, bəzi insanlara və təşkilatlara pul verib onları dövlətə qarşı yönəltməklə məşğuldurlar". Beləliklə, bəzi donorlar məqsədləriən çatmaq üçün verdikləri qrantları rəsmiləşdirməkdən qaçır. Maraqlıdır, belə neqativ halın qarşısı necə alınmalıdır? Bu istiqamətdə daha sərt addımlar atmağa ehtiyac varmı?

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, qanuna edilən dəyişiklik həmin neqativ halların qarşısını almalıdır: "QHT-in fəaliyyəti bütövlükdə cəmiyyətdə yaranan problemlərin həllinə yönəlir və onların fəaliyyətində ictimai təşəbbüskarlıq mütləq şəkildə öz əksini tapmalıdır. Bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyəti isə çox hallarda ictimai təşəbbüs məcrasından çıxır. Həmin təşkilatların fəaliyyətində daha çox siyasi çalarlar əksini tapır. Elə təşkilatlar da var ki, onlar milli donorlarla deyil, xarici donorlarla işləməyə üstünlük verir. Bununla da özləri haqqında yüksək imic formalaşdırmağa çalışır, bilik və bacarıqlarının digər QHT-dən üstün olduğu haqda rəy formalaşdırırlar. Əslində isə, belə deyil. Ölkədə bilik və bacarığı yüksək olan çoxsaylı təşklatlar var ki, onlar xarici donorlardan heç zaman qrant ala bilmir. Heç kəsə sirr deyil ki, xarici donorlardan qrant almaq üçün xusisi bir tənqidlə və yaxud ümumi dövləti maraqlarına zidd hərəkətlə seçilmək lazımdır. Bəzi QHT-lər xarici donorlardan qrant alarkən həmin donorların maliyyə mənbəyilə ümumiyyətlə maraqlanmırlar, heç buna imkanları da yoxdur, onun fərqində də olmurlar. Özləri də bilmədən arzuolunmaz qüvvələrin toruna düşürlər. Həmin maliyyənin bəzən QHT-lərə nağd şəkildə verilməsi heç də xoş niyyətdən xəbər vermir. Çünki, maliyyələşmə haqqında həm milli standartlar var, həmçinin, beynəlxalq təcrübə mövcuddur. Burada maliyyə vəsaitinin hansı qaydada aparılması, köçürülməsi göstərilib. Hətta donorların əksəriyyəti QHT-lərə verdiyi vəsaitin nağd şəkildə deyil, köçürülmə yolu ilə aparılmasını tələb edir. Bu da maliyyə nizamı üçün vacib şərtdir. Amma bəzi donorların yerli QHT-lərə vəsaiti nağd şəklində verməsi artıq burada məsələnin başqa müstəvidə getdiyindən xəbər verir, bu heç də ictimai təşəbbüsü dəstəkləmək məqsədi güdmür, bu, hansısa bəd niyyətin həyata keçirilməsi deməkdir. Ölkədəki bəzi QHT-lər də bununla xarici qüvvələrin ölkəmizdə pozucu fəaliyyətinə rəvac vermiş olurlar. Ona görə də, hesab edirəm ki, qanuna edilən dəyişiklik bu sahədə olan məsələləri hüquqi baxımdan və donorların ölkəmizdə fəaliyyətinin qanunauyğun olaraq həyata keçməsini tənzimləyəcək. Xarici donorların xoş niyyətlə ölkəmizdə işləmək arzusu varsa, müqavilə bağladıqdan sonra onların da işləməsinə şərait yaradılacaq. Qanuna dəyişiklik arzuolunmaz fondların, təsadüfi qurumların ölkəmizdəki fəaliyyətini məhdudlaşdırır. Bu da haqlı bir düzəlişdir və ümumillikdə şəffaflıq və hesabatlılığın təmin olunması deyil, milli təhlükəsizlik məsələlərinin müdafiəsinə böyük töhfə verə bilər. Qanuna edilən bu dəyişikliyin özü də həmin hallara qarşı sərt addım sayılmır. Avropa ölkələrinin bir çoxunda qanunlarda belə sərt müddəaların olduğunu müşahidə edirik. Heç bir ölkədə heç bir donora istədiyi kimi hərəkət etmək imkanı yaradılmır. Yerli QHT-lər ictimai təşkilatların imicinə ziyan toxuna biləcək hərəkətə yol verməməli, əsas funksiyaları olan kollegiallıq, hesabatlılıq, şəffaflıq məsələlərini qorumalıdırlar. Burada inzibatçılıqdan daha çox, vətəndaş mövqeyi önəmlidir. QHT-lər cəmiyyətin ictimai fəal təbəqəsi sayılır. Bu təbəqədən olanlar qanunsuz hərəkətə rəvac verirsə, bu fəaliyyətin kökündə artıq ictimaiyyətçilik deyil, başqa niyyətlər güdülür. Ona görə də hesab edirəm ki, qanuna edilən dəyişiklik artıq bu sahədə olan boşluqları tənzimləyir".