Qarabağ məsələsində Türkiyənin Rusiyaya təsiri artacaq?!

21 Noyabr 2014 09:19 (UTC+04:00)

Taleh Əliyev: "Hər iki ölkə bir-birilə əməkdaşlıq istiqamətində yeni siyasi kurs götürüb"


Məlumat verildiyi kimi, gələn ayın əvvəlində Rusiya prezidenti Vladimir Putinin Türliyəyə səfəri olacaq. Putini Türkiyə səfərində 10 nazir müşayiət edəcək. Rusiya prezidentinin Türkiyəyə səfərinin məqsədi Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirakıdır. Putin türkiyəli həmkarı ilə birlikdə iclasa sədrlik edəcək. Görüşlərdə iki ölkə arasındakı 35 milyard dollarlıq ticarət həcminin 2020-ci ilə qədər 100 milyard dollara çatdırılması barədə danışılacaq. Qeyd olunur ki, istər Ankara, istərsə də Moskva ticarət həcmini 2020-ci ilə qədər 100 milyard dollara çatdırmaqda maraqlıdır.

Beləliklə, Rusiya Türkiyə ilə yaxanlışmağa çalışır və bu yaxınlaşma müəyyən parametrlər baxımından Azərbaycan üçün də sərfəli ola bilər. Belə ki, indiki vəziyyətdə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiyaya əlavə təsir imkanları yarana bilər.

Politoloq Qabil Hüseynli məsələ ilə bğalı qeyd edir: "Əslində, Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan çətin proqnozlaşdırılan adamdır. Son zamanlar o, NATO ilə münasibətləri uyuşmayan bir siyasət yürüdür. O, hətta Avrasiya İqtisadi İttifaqına daxil olacağı ilə bağlı bəyanat da vermişdi. Ərdoğan həmçinin Rusiya, Braziliya, Çin, Türkiyə və bir neçə digər ölkənin qoşulacağı 7 sənayecə inkişaf etmiş ölkələrdən ibarət bir qurumun yaradıla biləcəyilə bağlı fikirlər də səsləndirmişdi. Bu tendensiya isə Rusiyanın da maraqlarına cavab verir. Ona görə Putin həmin istiqamətdə Ərdoğanı ələ almağa çalışır. Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsində müəyyən razılığa gələ bilsə, bu, işin xeyrinə olar. Amma hazırda Putini maraqlandıran əsas məsələ hələ ki, Qərbə qıcıq vermək, Vaşinqtonla soyuyan münasibətlərdən sonra Ankara ilə yaxınlaşmaq xətti götürməkdən ibarətdir. Ankarada Ərdoğanla görüşün əsas mövzusu da bu olacaq".

Politoloq Hikmət Hacızadə isə Rusiya ilə Türkiyənin yaxınlaşması fonunda prosesin Qarabağ münaqişəsinə hansısa bir formada təsir edəcəyini düşünmür: "Rusiya prezidenti Putinin Türkiyəyə səfərində başlıca məramın nə olduğu onsuz da bəllidir. Qərb tərəfindən təklənən Rusiya özünə başqa tərəfdaşlar tapmağa çalışır. Bu yöndə də, Qərblə münasibətləri bir çox məsələlərdə heç də üst-üstə düşməyən ölkələrlə əlaqələri genişləndirir. Türkiyə səfərində də başlıca məqam məhz budur. Bununla Rusiya birinci növbədə özünü düşdüyü izolyasiyadan çıxarmaq istəyir. Türkiyəyə gəldikdə, Ərdoğan bir sıra məsələlərdə görürük ki, heç də Qərbin maraqları ilə uzlaşmayan addımlar atır. Bu mənada bəzi hallarda Türkiyənin Qərblə münasibətləri heç də ürəkaçan olmur. Putin çox güman ki, iqtisadi məsələlərlə bağlı olaraq, səfər çərçivəsində Türkiyə ilə əlaqələrinin müəyyən qədər genişlənməsinə nail olsun. Belə ki, Ankara da Rusiyadan Qərb mallarının çıxarılması fonunda boşalan bazara yiyələnmək istərdi. Lakin Dağlıq Qarabağ məsələsinə münasibətdə tərəflərin bir-birinə yaxınlaşacağını düşünmürəm. Rusiya hələ də işğalçı Ermənistanı dəstəkləməkdə, ona hər cür yardım etməkdə davam edir və bu ölkə Moskvaya NATO-nun cənub sərhədlərində dayanan bir sipər kimi vacibdir. Həm də Rusiya onu da unutmur ki, Türkiyənin özü də NATO üzvüdür. Başqa bir tərəfdən, Qarabağ konfliktinin həllində əsasən üç dövlət - ABŞ, Fransa və Rusiya rol oynayır. Bu fonda da düşünürəm ki, Ankara ilə Moskvanın yaxınlaşmasının konfliktin həlli prosesinə hər hansı bir təsiri olmayacaq. Həmin məsələdə Ankara öz, Rusiya da öz mövqeyində qalmaqda davam edəcək".

Politoloq Taleh Əliyev isə məsələni belə şərh edir: "Düşünmürəm ki, bu ilin sonunda Türkiyə ilə Rusiya dövlət başçılarının görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ məsələsi olsun. Bu görüş hər iki ölkə arasında yaradılan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci görüşü formatında keçiriləcək. Hər iki ölkə bir-birilə əməkdaşlıq istiqamətində yeni siyasi kurs götürüb. Hətta qarşılıqlı iqtisadi münasibətlərin həcmini artırmaqla bağlı özəl şirkət və iş adamlarına güzəşt və imkanlar da yaradıblar. Bilirsiniz ki, Rusiyanın hazırda Qərblə münasibətləri korlanıb. Türkiyə isə Ərdoğan hakimiyyəti dönəmində daha çox Rusiya ilə əlaqələri genişləndirmək xətti götürüb. Bu, onunla izah oluna bilər ki, Avropa Birliyinə qəbulla bağlı Türkiyə uzun illərdir danışıqlar aparsa da, bu istiqamətdə heç bir uğurlu nəticə əldə olunmayıb. Yəni Türkiyə bu halda alternativ variantlara əl ataraq digər regional güclərlə fəaliyyətini formalaşdıra bilər. Putinin səfəri fonunda masa arxasında hər iki ölkənin regional iqtisadi maraqları və təhlükəsizlik məsələləri dayanacaq. Təbii ki, Azərbaycan Türkiyə münasibətlərinin yüksək səviyyədə, habelə Bakı ilə Moskva arasında münasibətlərin normal halda olması fonunda cari məsələlərin müzakirəsi zamanı Qarabağ münaqişəsinin də adı hallana bilər. Amma bütövlükdə müzakirə predmetinin Dağlıq Qarabağ olacağı qənaətində deyiləm. Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Moskva ilə Ankaranın yaxınlaşması və ya münasibətlərinin kəskinləşməsi həlledici faktor deyil. Bu iki ölkənin yaxınlaşması onların geosiyasi maraqlarından imtinası anlamına gəlməyəcək. Həmin ölkələr daha çox qlobal və qarşılıqlı iqtisadi məsələlərdə anlaşmağa daha çox meyllidir".