Parkomatlarla bağlı daha bir problem üzə çıxdı

21 Noyabr 2014 09:39 (UTC+04:00)

Bir müddətdir şəhərimizdə quraşdırılan parkomatlar ətrafında problemlər səngimək bilmir. İlk növbədə onu deyə bilərik ki, sözügedən məkanda nəzarət istənilən səviyyədə deyil. Artıq parkomat yerləşdirilən ərazidə maşın saxlayıb da pul ödəməyən sürücülərin sayı kifayət qədərdir. Ondan heç kəs parkomata vəsait köçürməsini tələb etmir. Pul ödəyən sürücü isə nəqliyyat vasitəsinin təhlükəsizliyindən tam əmin deyil. Çünki, ödənilən vəsait maşına dəyəcək hansısa zərərin geri qaytarılmasını nəzərdə tutmur. O, yalnız parkomatdan istifadə, dövlət yol patrulu tərəfindən nəqliyyat vasitəsinin aparılmaması üçün ödənilən vəsaitdir. Maşının saxlanması halında ona dəyə biləcək hansısa zərərin kim tərəfindən ödəniləcəyi məsələsi isə açıq qalır. Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov bildirir ki, avtomobilə parklanma yerində ziyan dəyirsə, bunu iki variantda dəyərləndirmək olar: "Bir nəqliyyat vasitəsini başqa maşını vurarsa, burada söhbət icbari sığorta hadisəsindən gedəcək. Nəqliyyat vasitəsinin icbari sığortası olmalı və sığorta şirkəti dəymiş ziyanı ödəməlidir. Digər hadisə isə maşının üzərinə evlərdən əşya atıla və ya ağac aşa bilər. Belə hallarda "ziyanı kim ödəməlidir" məsələsi açıq qalacaq. Ancaq bu gün parklanma yerləri belə ziyanların ödənilməsini öz üzərinə götürmür. Parklanmadan yığılan pulların bu məqsədlə istifadə olunması nəzərdə tutulmur. Yaxşı olar ki, belə parklanma yerlərinin özləri sığortalansınlar. Belə işlər sığorta bazarında asanlıqla həll edilir. Təbii ki, bu halda parklanma yerinin sahibi sığorta şirkətinə sığorta haqqı ödəyəcək. Ancaq hazırda zərər dəymiş nəqliyyat vasitəsinin sahibinin tam haqqı var ki, dəymiş zərərin ödənilməsini tələb etsin. Çünki, parklanmanın özü də bir xidmətdir. Konkret halda sürücü Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtomobil İradəsini məhkəməyə verib ziyanı tələb edə bilər. Amma burada üçtərəfli münasibət də yaranır. Zərəri evlərdən atılmış əşya da vura bilər. Bu zaman saxlanma yerinin sahibi o əşyanı atan şəxsdən dəymiş zərəri tələb etməlidir. Sürücü indiki vəziyyətdə BŞİH-nin Xüsusi Təyinatlı Avtomobil İradəsini tanıyır. Həmçinin, Nazirlər Kabinetinin nəqliyyat vasitələrinin saxlanması ilə bağlı xüsusi qərarı da var. Həmin qərarda göstərilir ki, saxlanmağa qəbul edilən nəqliyyat vasitəsi baxışdan keçirilməli və üzərində olan nasazlıqlar qeydə alınmalıdır".

Digər ekspert Azər Allahverənov də hazırda parkomat sistemində müəyyən çatışmazlıqların olduğunu qeyd edir: "Çatışmazlıqlardan biri odur ki, bu gün parkomat yalnız park etmək üçün ödəniş sistemdir. Faktiki olaraq, parkomatın müşahidə aparmaq, nəzarət etmək və s. kimi funksiyaları yoxdur. Amma bu gün şəhərin müxtəlif yerlərində pullu parketmə yerləri də var. Ora giriş-çıxış nəzarətdədir. Nəqliyyat vasitəsi orada günlərlə belə qalır. Həmin ərazilərdə nəqliyyat vasitəsinə hansısa zərər dəymiş olarsa, sığorta elementi nəzərdə tutulub. Amma parkomatlarda zərərin ödənilməsi ilə bağlı mexanizm yoxdur. Bu funksiya parkomat sisteminə daxil deyil. Parkomat sistemi o zaman effektiv nəticə verə bilər ki, həmin ərazilərdə videokameralar təşkil olunsun. Çünki, parkomat olan əraziyə daxil olub, amma heç bir ödəniş etməyən nəqliyyat vasitələri də var. Onlar həmin ərazidə video müşahidə aparılmadığından parkomatlarda ödənişlərdən yayına bilirlər. Videomüşahidə eyni zamanda nəqliyyat vasitəsinə dəymiş zərəri də göstərə bilər. Videogörüntülərinə görə sürücü sığorta şirkətləri məhkəmə qarşısında iddia ilə çıxış edə bilər. Amma bu gün bunlar olmadığından parkomatın funksiyası yalnız ödənişləri həyata keçirməkdir. Zərərin qeydə alınması kimi funksiyalara malik deyil. Hətta artıq təklif olunur ki, parkomatlar daha yeni texniki avadanlıqlarla təchiz olunsun. Ancaq bütün hallarda videogörüntü yoxdursa, proseslərin nəzarət altında saxlanılması effektiv olmayacaq".