Azərbaycanda hər il 800-1000 körpə ürək qüsuru ilə doğulur

21 Noyabr 2014 12:30 (UTC+04:00)

"Hər il dünyada 1 milyondan çox anadangəlmə ürək qüsuru ilə uşaq dünyaya gəlir. Onların 100 min nəfəri 1 yaşadək dünyasını dəyişir. Hər il anadangəlmə ürək qüsuru ilə dünyaya gələn 1 milyondan çox uşağın 300-350 min nəfəri iqtisadi problemləri, böhran içində olan, tibbin səviyyəsinin aşağı olduğu ölkələrdə bəlli səbəblərdən həyatlarını itirlər".

Bunu Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri Rəşad Mahmudov Heydər Əliyev Mərkəzində Ümumdünya Uşaq Gününə həsr olunan beynəlxalq konfransın açılış mərasimində deyib. Azərbaycanın bu sahədə nailiyyətlər əldə etdiyini deyən R.Mahmudov qeyd edib ki, ölkədə hər il 800-1000 nəfərə yaxın uşaq ürək qüsuru ilə dünyaya gəlir.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə bildirib ki, Azərbaycanda son illərdə yeni tibb müəssisələri tikilib. Ölkədə uşaqlara göstərilən xidmətlərin xüsusi proqramlarla tənzimləndiyini deyən nazir müavinin sözlərinə görə, ötən il Milli Məclis tərəfindən "Uşaqların icbari dispanserizasiyası" haqqında qanun qəbul edilib: "Yalnız bu ilin ilk 9 ayı ərzində ölkədəki 2,6 milyon uşağın 2 milyonu icbarı dispanserizasiyadan keçib. Dispanserizasiya nəticəsində 5 faiz xəstə uşaq dispanser qeydiyyatına alınıb. Azərbaycanda yaradılan Ürək Cərrahiyyə Mərkəzində son 1,5 il ərzində 1200-ə qədər ürək əməliyyatı keçirilib".