Prezident və xanımı açılış mərasimində
21 Noyabr 2014 16:00 (UTC+04:00)
Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin
43-cü Baş Assambleyası işə başlayıb.
İki gün davam edəcək tədbirin rəsmi açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva iştirak ediblər.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası
qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə
olunması və həyata keçirilməsi baxımından mühüm tədbirdir. Avropa
ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin,
beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri
Assambleyada "Olimpiya Oyunları", "Marketinq və rabitə", "İdman
hamı üçün", "Olimpiya mədəniyyəti və irsi", "Tibb və antidopinq",
"İdmanda gender bərabərliyi" və digər mövzularda hesabat
məruzələri, o cümlədən ilk Avropa Oyunları barədə məlumat və
"Bakı-2015" Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək. 2016-cı
il Yay Olimpiya, XXIII Qış Olimpiya oyunlarına və Avropa
Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə
bağlı hesabatlar da Assambleyanın gündəliyinə
daxildir.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas
Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı
qarşıladılar.
Dövlətimizin başçısı və xanımı Avropa Olimpiya
Komitəsinin rəhbər heyəti ilə görüşdülər.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş
Assambleyasında çıxış edən Prezident İlham Əliyev tədbirdə iştirak
edən qonaqları salamladı. Qədim tarixi və gözəl mədəniyyəti olan
ölkəmizlə tanışlıq üçün bu tədbirin əla fürsət olduğunu dedi.
Bildirdi ki, 23 il öncə öz müstəqilliyini bərpa edən Azərbaycan
Avropa Olimpiya Komitəsinin üzvü kimi Avropa təsisatlarında
fəallığı ilə seçilir. Ölkəmizdə siyasi və demokratik islahatların
aparıldığını, bunun da sürətli inkişafa təkan verdiyini deyən
dövlətimizin başçısı hazırda Azərbaycanın dünyada
multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanındığını
vurğuladı.
Prezident İlham Əliyev bildirdi ki, son on ildə
sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb,
yoxsulluq və işsizlik kəskin şəkildə azaldılıb, yeni iş yerləri
açılıb və uğurlu iqtisadi islahatlar beynəlxalq maliyyə
təşkilatları tərəfindən də qeyd olunub. "Ölkəmizin enerji
təhlükəsizliyi sahəsində oynadığı rol Avropa təsisatları ilə
əməkdaşlıqda mühüm əhəmiyyətə malik olacaq", - deyən Prezident
İlham Əliyev Avropa ilə Asiya arasında körpü olan Azərbaycanın
dünyada çoxmədəniyyətliliyin mühüm mərkəzlərindən biri kimi
tanındığını da diqqətə çatdırdı. Qeyd etdi ki, beynəlxalq
ictimaiyyətin fəal üzvü olan ölkəmizin dünyada mövqeləri güclüdür
və iki il ərzində BMT Təhlükəsizlik Şurasına üzv olan, onun
sessiyalarına sədrlik edən Azərbaycan dünya tərəfindən
dəstəklənir.
Azərbaycanda idmanın və Olimpiya hərəkatının
inkişafından da danışan Prezident İlham Əliyev bu sahədə əsas
prinsiplərin təşviq olunmasına böyük maraq göstərilən ölkəmizdə son
illərdə nəhəng idman infrastrukturunun yaradıldığını diqqətə
çatdırdı. Qeyd etdi ki, Azərbaycan atletlərinin beynəlxalq
yarışlarda, Olimpiya Oyunlarında qazandığı uğurlar müstəqil
ölkəmizin dünyada daha yaxşı tanıdılmasına imkan
verir.
Dövlətimizin başçısı 2015-ci ildə Bakıda
keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına
əminliyini bildirdi. 2016-cı ildə Bakıda Dünya Şahmat
Olimpiadasının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının
keçiriləcəyini deyən Prezident İlham Əliyev bunun da ölkəmizin
böyük potensialından qaynaqlandığını söylədi.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas
Bax Azərbaycanda idmana və təhsilə qoyulan sərmayələrin uğurlu
nəticələrin əldə olunmasına təkan verdiyini söylədi. O qeyd etdi
ki, bunlar həm də idmançıların nailiyyətlər qazanmasına da imkan
verir. Tomas Bax əmin olduğunu bildirdi ki, gələn il Bakıda baş
tutacaq Avropa Oyunları yüksək səviyyədə keçəcək və Təşkilat
Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsləri bu oyunların
uğurlu alınmasına stimul verəcək. Tomas Bax idmanın BMT-nin inkişaf
məqsədləri sırasına daxil olunması ilə bağlı danışıqların
aparıldığını dedi və idman tədbirləri baxımından gərgin qrafiki ilə
seçilən gələn il ərzində hamıya uğurlar arzuladı.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik
Hikki bu Assambleyanın Bakıda yüksək səviyyədə təşkil edildiyinə
görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya
minnətdarlıq etdi. Bakının füsunkar və gözəl şəhər olduğunu deyən
Patrik Hikki əminliyini bildirdi ki, Avropa mühüm tarixi ana
yaxınlaşır və bu 43-cü Baş Assambleya həm gələn il keçiriləcək
Avropa Oyunlarını, digər tərəfdən Tokio Yay Olimpiya Oyunlarına
hazırlıq işlərini müzakirə etmək baxımından mühüm
tədbirdir.
Sonra Patrik Hikki Avropa Olimpiya Komitəsinin
xatirə hədiyyələrini Prezident İlham Əliyevə və xanımı Mehriban
Əliyevaya təqdim etdi.
Daha sonra Patrik Hikki idman karyerası ərzində
bir çox uğurlara nail olan, dünyada idmanın inkişafında mühüm
xidmətlər göstərən, Olimpiya ideallarına sadiqliyi ilə seçilən
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Avropa
Olimpiya Komitəsinin "Şöhrət" medalını təqdim
etdi.
Bununla da Baş Assambleyanın rəsmi hissəsi başa
çatdı.