Hava xəbərdarlığı - DİQQƏTLİ OLUN

21 Noyabr 2014 15:46 (UTC+04:00)

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək, bəzi ərazilərə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 22-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Şimal küləyi gecəyə doğru arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-9, gündüz 10-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 9-14, dağlarda gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.