Azərbaycanda avtomobil piyadanı vuraraq öldürüb
22 Noyabr 2014 12:06 (UTC+04:00)
Masallıda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat
qəzası baş verib.
Movqe.Az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 21-də
saat 20.00 radələrində Ələt-Astara magistralının rayonun Xıl
kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Sərçuvar
kənd sakini, 1988-ci il təvəllüdlü Əlizamin İnqilab oğlu Məmmədov
idarə etdiyi "Ford" markalı, 44 BP 663 dövlət nömrə nişanlı minik
avtomobili ilə yolu keçmək istəyən piyada, şəxsiyyəti hələlik məlum
olmayan 28-30 yaşlarında qadını vurub. Piyada aldığı xəsarətlərdən
hadisə yerindəcə dünyasını dəyişib.
Meyit müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon
şöbəsinə aparılıb. Hadisəni törətmiş sürücü isə istintaqa cəlb
olunub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi
İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb,
araşdırma aparılır.