Avtobusa hücum: 28 ölü

23 Noyabr 2014 14:16 (UTC+04:00)
Somali döyüşçü qrupu əl-Şəbab üzvləri Keniyanın şimalında avtobusa hücum edərək ən azı 28 nəfəri öldürüb.

Movqe.az-ın Milli.az-a istinadən məlumatına görə, bu barədə ölkə rəsmiləri xəbər veriblər.

Paytaxt Nayrobiyə gedən avtobus Somali sərhədi yaxınlığında, Manderada terrorçular tərəfindən dayandırılıb. Bu zaman silahlılar qeyri-müsəlman kimi qəbul etdikləri adamları ayırıb onları öldürüblər.

2011-ci ildən Keniyada hücumlar həyata keçirən Əl-Şəbab qrupu hadisənin törədilməsini boynuna götürüb.

Əl-Şəbaba bağlı vebsaytdakı bəyanatda deyilir ki, hücumlar bu həftə Mombasa şəhərindəki məscidlərdə həyata keçirilən reydlərə cavabdır.
Şahidlərin dediyinə görə, hücum baş verəndə avtobusda 60-dan çox adam var idi.

Sürücü avtobusun sürətini artırıb hücumçulardan uzaqlaşmağa cəhd etsə də, güclü yağışlar nəticəsində yaranan palçıqda ilişir.
10-a yaxın silahlı kişi somali dilində danışaraq sərnişinlərə avtobusdan çıxmağa göstəriş verib.

"Biz çıxanda sərnişinlər somalili və qeyri-somalili kateqoriyalarına bölündü", - deyə şahidlərdən biri bildirir.

"Qeyri-somalililərə müqəddəs Qurandan ayələr oxutdurdular, onları oxuya bilməyənlərə isə uzanmaq göstərişi verildi. Bir-bir onlara yaxınlaşaraq başlarına güllə vurdular".

Keniyanın Qırmızı Xaç təşkilatı cəsədləri hadisə yerindən götürməyə çalışır.