Qiymətlər qalxacaq
24 Noyabr 2014 14:41 (UTC+04:00)
Hazırda ölkənin daşınmaz əmlak bazarında durğunluq
yaşanır. Baş verən durğunluğun yaranmasının səbəbi ilə bağlı
müxtəlif fikirlər irəli sürülür. Bəzi ekspertlər bunun Rusiya
amili, bəziləri, dünya bazarında neftin qiymətinin aşağı düşməsi,
bəziləri isə paytaxta söküntü işləri ilə əlaqədar olduğunu
söyləyiblər.
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin
icraçı direktor Elnur Əsədov ANS PRESS-ə bildirib ki, əmlak
bazarındakı durğunluğun səbəblərindən biri neftin dünya bazarındakı
qiymətinin düşməsi ilə bağlıdır. Digər səbəblərdən biri isə bazarda
alıcı qüvvəsinin kifayət qədər olmamasıdır. Alıcı qüvvəsinin
əksəriyyəti isə ipotekayla ev almağa üstünlük verənlərdir. Bazarda
təklifin çox olmasına baxmayaraq, qiymətlərin yüksəkliyi əmlakın
əlçatmazlığına gətirib çıxarır.
Onun sözlərinə görə, orta müddətli dövr üçün əmlak
bazarında həm bazarın həcmi, həm də qiymətlər baxımından proqnozlar
vermək çətindir. Amma 2015-ci ilin ortalarında əmlak bazarında
bazarın həcmində genişlənmələr, həm də qiymətlərin 4-6% artacağı
gözlənilir. Həmin dövrədək ucuzlaşma qeydə alınacağı real
görünmür.
O, qeyri-yaşayış təyinatlı əmlakın icarə
əqdlərinin sayındakı və qiymətindəki vəziyyətdən söz açıaraq
vurğulayıb ki, qeyri-yaşayış sahələrindəki icarə haqlarının qiyməti
demək olarki yüksəkdir. İcarə haqları yüksək olduğu üçün mənfəət
götürmək qabiliyyəti olmayan icarədarların əksəriyyəti çox keçmədən
fəaliyyətlərini dayandırırlar. İcarə əqdlərinin sayı isə notariusda
qeydiyyata alınır.
Digər ekspertlər əmlak bazarında durğunluğun hökm
sürdüyünü, lakin ucuzlaşmanın olmayacağını düşünürlər. Onların
fikrincə, 2012-2013-cü ildə aylıq əqdlərin sayı 20-25 ədəd olduğu
halda, indi ay ərzində cəmi 4-5 əqd bazara çıxarılır. Hazırda
Bakının mərkəzi ərazilərində sökülən evlərlə bağlı əhaliyə nəğd
şəkildə ödənilən vəsaitlər, kompensasiyalar hesabına az sayda real
alqı-satqı reallaşdırılır. Kompensasiya alan şəxlərin gücü isə
paytaxtın mərkəzi hissəsində yox, ancaq şəhərətrafı ərazilərdə ev,
ya torpaq almağa çatır.
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov da bizimlə söhbətində deyib ki, indi mənzil bazarında
psixoloji təzyiq formalaşıb. Paytaxtda infrastrukturunun
genişləndirilməsi ilə bağlı aparılan söküntülər mənzil bazarına
böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmır.
Kompensasiyaların böyük qismi Bakı ətrafı qəsəbələrdə evlərin və ya
torpaqların alınmasına yönəldilir.
Bəzi mütəxəssislər diqqətə çatdırıblar ki,
Rusiyada vəziyyətin pisləşməsi ölkədə əmlak bazarına təsir
göstərir. Çünki əmlak alan insanların çoxu Rusiyada biznes
vasitəsilə pul qazananlar. Əksər vətəndaşlar kreditə, ipotekaya üz
tuturlar.
Neftin dünya bazarında ucuzlaşmasına gəlincə,
ucuzlaşma əmlak bazarında qiymətləri kəskin aşağı salır. Bir qayda
olaraq proseslər göstərdi ki, dövlət pullarının, yəni nisyə
xərclərinin artması əmlak bazarına həmişə təsir göstərir. Neft
iqtisadiyyatımızın əsasını təşkil etdiyi üçün "qara qızıl"ın
ucuzlaşması istənilən sahədən yan keçmir.
Ümumiyyətlə, sosial şəbəklələrdə çıxış yolu kimi
irəli sürülür ki, dünya bazarında neftin qiymətindən çox şey
asılıdır. Əgər brend markalı neftin qiyməti dünya bazarında 70-80
dollar civarında olarsa, Azərbaycanın əmlak bazarında qiymətlərin
aşağı düşməsi prosesi gedəcək. Əgər neft 90 dollardan yuxarı
olarsa, o zaman bu durğunluq keçib gedəcək.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına
görə, yanvar-oktyabr aylarında ölkədə 168 min daşınmaz əmlak
qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4%
çoxdur. Azərbaycanda əhalinin torpaq sahələrinə marağı kəskin
artıb. Belə ki, ölkədə daşınmaz əmlakla aparılan əməliyyatların
yarısı - 79 mini torpaq sahələrinin payına düşür. Ötən ilin eyni
dövrü ilə müqayisədə torpaq sahələrinin qeydiyyatı 37%
yüksəlib.