Yeni söküntü işləri mənzillərinqiymətini yenə qaldıracaq

25 Noyabr 2014 07:57 (UTC+04:00)

"Sovetski"dəki evlərin söküntüsü ilə əlaqədar bir müddət mənzil bazarında qiymət artımı müşahidə edilsə də, hazırda ölkənin daşınmaz əmlak bazarında sabitlik yaşanır. İndi isə yeni söküntü xəbərlərinin yayılması bəzi ekspertlərə görə, mənzil bazarında yenidən bahalaşmaya rəvac verə bilər. Məlumatlara görə, Bakının Bayıl qəsəbəsində bəzi evlərin sökülməsinə başlanılır. Artıq sakinlərin köçürülməsinə start verilib. Bildirilir ki, Bayıl qəsəbəsi Qurban Abbasov kücəsində yerləşən binaların hamısı söküləcək. Söküntü işlərinə qarşıdakı 15 gün ərzində start veriləcək. Prosesin 2-3 ay ərzində tam yekunluşdırılması nəzərdə tutulur. Qurban Abbasov küçəsində söküntü işləri yekunlaşandan sonra proses mərhələli şəkildə digər küçələrdə də həyata keçiriləçək.

Bu hal isə mənzil bazarında qiymətlərin yenidən yüksəlməsiən start verə bilər. Hər halda "Sovetski" təcrübəsi bu qənaətə gəlməyə əsas verir.

Lakin İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, söküntülər yalnız 2014-cü ildə mənzillərin qiymətini artıra bildi: "Cari ildə 20%-ə qədər qiymət artımı müşhidə edildi. Burada iqtisadi əsasla yanaşı, psixoloji səbəblər də var idi. Ancaq qiymət artımı gələn il üçün xarakterik görünmür. Çünki, atıq Bakının mənzil bazarındakı qiymətlər tavana dirənib. Yəni, yeni ciddi qiymət yüksəlişi proqnozlaşdırılmır. Son 2 ildə paytaxtın mənzil bazarında müşahidə edilən qiymət artımları artıq Bakıda mənzil bazarını doydurub. Həm də paytaxtda aparılan söküntülər mənzil bazarında böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmır. Söküntü ilə əlaqədar verilmiş kompensasiyaların böyük qismi adətən Bakıətrafı qəsəbələrdə evlərin və ya torpaqların alınmasına yönəldilir. Eyni zamanda həmin kompensasiyalar daha çox təkrar mənzil bazarında tələbə təsir göstərir. Bundan başqa amillər də var ki, gələn il mənzillərin qiymətinin artmayacağına işarə edir. Hətta dünya bazarında neftin qiymətində kəskin azalmalar davam edərsə, Bakının mənzil bazarında qiymət azalmalarının olacağını proqnozlaşdırmaq olar. 2015-ci ilin ilk aylarından başlayaraq isə əmlak bazarında tələbin azalacağı proqnozlaşdırır. Bura Rusiya iqtisadiyyatindakı yaşanan durğunluğu da əlavə edə bilərik. Çünki, Rusiyada biznes ilə məşğul olan azərbaycanlıların böyük əksəriyyətinin Bakıda mənzili var. Hətta Rusiyada yaşayan həmyerlimizin bir qisminin Bakıda birdən çox mənzilə sahibdirlər. Həmyerlilərimizin Rusiyada biznesinin zəifləməsi onların Bakıdakı mənzillərini satışa çıxarmasına və təklifin artmasına səbəb ola bilər".

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, qiymət artımı bu ilin sonuna kimi davam edəcək: "Düzdür, ilin əvvəli ilə müqayisədə qismən stabilləşmə var. Ancaq aktiv olan ərazilərdə qiymət artımı hələ də davam edir. 2015-ci ildə isə daşınmaz əmlak bazarında qiymətlərin daha dinamik artma ehtimalı var. Söküntünün coğrafiyası genişlənməkdir. Bayıl, Yasamal və Kubinkada da söküntü işlərinin aparılması pqronozlaşdırılır. Bütün bunlar evlərin qiymətinin yenidən bahalaşmasına gətirəcək. Eyni zamanda dövlət müəyyən sosial və infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində müvafiq qərarlar verib. Söküntü işlərinin artması ilə yanaşı, daşınmaz əmlak bazarına tələbat genişlənir. Ödənilən kompensasiyalar yenidən daşınmaz əmlak bazarına qayıtmaqdadır. Yəni, torpaq sahələri ilə yanaşı, mənzillərin də qiymətində artımlar qaçılmazdır. Qiymət artımı daha çox köhnə tikililərdə hiss edə biləcəyik. Çünki, əhali əsasən köhnə tikililərdə mənzil almağa üstünlük verir. Söküntü tək Bakı yox, ətraflarda, eyni zamanda digər şəhərlərdə də qiyməti qaldıracaq. "Sovetski"dən köçürülən əhalinin əksəriyyəti məhz Bakıətrafı qəsəbələrdə yerləşiblər".