Putindən növbəti qadağa

24 Noyabr 2014 16:32 (UTC+04:00)
Rusiya Qazaxıstan və Belarusdan gətirilən malların azad idxalına qadağa qoyub.

ANS PRESS-in məlumatına görə, Rusiyaya idxal olunan bütün məhsullar buraxılış məntəqələrində yoxlamadan keçdikdən sonra Rusiya ərazisinə keçəcək. Bu addım bəzi malların qaçaqmalçılıq vasitəsi ilə idxalının qarşısını almaq niyyəti ilə bağlıdır.

Faktiki olaraq, Moskva Belarus və Qazaxıstana qarşı sanksiyalar tətbiq edir. Buna qədər Rusiya, ABŞ, Kanada və Avropa ölkələrinin sanksiyalarına cavab olaraq həmin ölkələrdən ərzaq idxalına embarqo qoymuşdu. Bu isə Gömrük ittifaqı üzvləri olan Belarus və Qazaxıstana həmin qadağan olunmuş malları Rusiyaya "ixrac" etməyə imkan yaratmışdı. Rusiya bununla əlaqədar dəfələrlə narazılıq edib ki, sanksiya verilən mallar yenə də Rusiyaya gətirilir. 

Xüsusilə Belarusdan gətirilən mallara ciddi nəzarət tətbiq olunub. Hər bir partiya mal yoxlanılır. Moskva hesab edir ki, bu mallar Rusiya ərazisindən tranzitlə keçərək ölkədə satılır. Özü də bu mallar Avropa Birliyi, ABŞ və Kanadadan gətirlir. Rusiya şirkətləri də bu faktı təsdiqləyirlər. 

Qazaxıstanda Moskvanın bu qərarını tənqidlə qarşılayıblar. Astana bildirib ki, təkrar ixrac məsələsində Rusiya ilə əməkdaşlıq etməyə hazır deyil. Üstəlik, Astana bildirib ki, Qazaxıstan mallarının Rusiya ərazisindən tranzitininin qadağan olunmasından söhbət belə gedə bilməz. Astanada hesab edir ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaları Qazaxıstan ilə heç cür bağlı deyil, çünki Astana müstəqil xarici ticarət siyasət yürüdür.

Mütəxəssislər deyirlər ki, malların tranzitinə qadağanın hüquqi qüvvəsi yoxdur. Hansı mallar Avrasiya ittifaqının sərhədindən keçməlidir? Bu suala cavab İttifaqın üç ölkəsinin prezidentləri tərəfindən müəyyən edilməlidir. Ekspertlərin fikrincə, Rusiyanın təkbaşına qərar verməsinə ixtiyarı yoxdur. Faktiki olaraq Rusiyanın bu qərarı 
Avrasiya İttifaqının hüquqi baza əsaslarını pozur. Ekspertlər hesab edirlər ki, mənafelərin toqquşması sonradan həll edilməsi çətin bir vəziyyət yarada bilər.