Yeni plastik maddə günəş şüaları altında tam çürüyür

25 Noyabr 2014 08:54 (UTC+04:00)

Platsik maddə artıq uzun illərdir ki, dünya sənayesinin əsas maddələrindən biridir. Ondan uşaq oyuncağından tutmuş kosmik aparatların detallarına kimi çox şeylər hazırlamaq olar. Amma bu materialın mənfi xüsusiyyəti də vardır. Əksər sahələrdə istifadə olunduğuna görə ekologiyaya çox böyük ziyan vurur.

Bu cür maddələr uzun illər çürümür və əsrlərboyu zibilxanalarda qalaraq zəhərli maddələr buraxa bilir. Plastik zibilin su hövzələrinə düşməsi suyun dibindəki canlıların zəhərlənməsinə səbəb olur, yandırılan zaman isə havaya zəhərli maddələrin qarışığı atılır. Bundan başqa, heyvanların udduğu plastik hissəciklər onların ölümünə gətirib çıxara bilər.

Bu fonda dünyada bitki xammalından və bəzi zəhərsiz neft məhsullarından hazırlanan bioçürüyən maddələrə tələb artır. İstifadə zamanı bu cür məhsulları bir neçə ay ərzində, sözün birbaşa mənasında, mikroorqanizmlərin yediyi kompost (müxtəlif qatışıqlar) şəraitdə yerləşdirirlər.

Şimali Dokota Universitetinin alimləri plastik tullantıların qeyri-adi emal üsulunu təklif edirlər. Onlar günəş işığının təsiri altında parçalana bilən polimer materialların hazırlanma texnologiyasını kəşf ediblər.

Saravankumar Racendran və həmkarları əsas maddə kimi təbii şəkər fruktozası və günəş şüallarını udan xüsusi molekullardan istifadə ediblər. Qızdırılan vaxt onun tərkib hissələri uzun polimer saplar şəklinə düşür və onlardan tutqun-qəhvəyi rəngli möhkəm plastik maddə alınır. Bu cür məhsul birbaşa günəş şüalarının təsiri altına düşən kimi işığahəssas molekullar ultrabənövşəyi şüaya reaksiya verir və bütün konstruksiyanı dağıdaraq zəncirdən çıxır.

Eksperimentlərin gedişində maddə cəmi üç saat ərzində dalğasının uzunluğu 350 nanometr olan ultrabənövşəyi şüalanmanın təsiri altında şəffaf məhlula çevrilib. Bu maye təbiət üçün tam zərərsizdir. Bundan başqa, ondan yeni məhsul da almaq olar. Əlbəttə, öz-özünə çürümə yeni plastik maddənin istifadə sahəsini xeyli məhdudlaşdırır. Əgər pəncərədən düşən işıq kiminsə qablarını və ya mebelini əridərsə, bu, çətin ki, kiminsə xoşuna gələr. Buna baxmyaraq, sözügedən materialdan elektron cihaz və və ultrabənövşəyi işığın düşmədiyi digər yerlərdə istifadə etmək olar. İndi alimlər bu materialın mövcud analoqları ilə rəqabətqabiliyyətliliyini anlamaq üçün əlavə tədqiqatlarla məşğuldurlar.