Qanunsuz mərc oyunları keçirən çayxanalar
24 Noyabr 2014 18:15 (UTC+04:00)
Vergilər Nazirliyi qanunsuz idman mərc oyunlarının
və kompyuter vasitəsilə qumar oyunlarının keçirilməsi faktını aşkar
edib. Movqe.az -ın Nazirliyin
Analitik- informasiya şöbəsinə istinadla verdiyi məlumata görə,
noyabr ayının 21-də Sumqayıt şəhərində Vergilər Nazirliyinin
əməkdaşları tərəfindən həyata keçirilmiş operativ nəzarət
tədbirləri nəticəsində fiziki şəxs Səmədov Pərviz Natiq oğlunun
sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu "Napoli", fiziki şəxs
Süleymanov Süleyman Nazim oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul
olduğu "Milan" və fiziki şəxs Tanrıverdi-pur Anar Sərvət oğlunun
sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu "Beşiktaş" çay evlərində
qanunsuz olaraq idman mərc oyunlarının keçirildiyi aşkar
edilib.
P.Səmədov və S.Süleymanovun vergi orqanında
qeydiyyata alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul
olduğu aşkarlanmış, bundan başqa hər üç şəxs tərəfindən obyektlərdə
kompyuter vasitəsilə kazino tipli uduşlu və qumar oyunlarının
("çərxi-fələk" - "russkaya ruletka", loto və s.) keçirildiyi də
müəyyən olunub.
Yuxarıda göstərilənlərdən əlavə, hər üç şəxs
tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu
və müxtəlif şəxsləri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada
əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin
(xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən
olunub.
Toplanmış materiallar qanunvericiliyin tələblərinə
uyğun olaraq hazırlanaraq, cinayət işinin başlanması məqsədilə ilə
aidiyyəti üzrə göndəriləcək.