Suraxanıda Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin yubileyi təntənəli qeyd edilib

25 Noyabr 2014 10:51 (UTC+04:00)

22 noyabr 2014-cü il tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev anadan olmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Suraxanı və Şuşa rayon İcra Hakimiyyətlərinin, Azərbaycan Hərb Tarix Muzeyinin və keçmiş Səbail Tank Batalyonu veteranlarının təşkilatçılığı ilə təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, ali hərbi məktəblərin, Veteran şuralarının, bir sıra ictimai birlik və QHT-nin nümayəndələri, hərbi tədqiqatçılar, Milli Qəhrəman Şövqiyar Abdullayevin ailə üzvləri və döyüş dostları iştirak etmişlər. Tədbir Müdafiə Nazirliyinin Hərbi orkestrinin canlı ifasında Azərbaycanın himni ilə başladı. Tədbir iştirakçıları Ulu Öndərin Suraxanı rayon Heydər Əliyev Mərkəzinin qarşısında ucalan abidəsini ziyarət edərək abidənin önünə tər güllür düzdülər. Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Mərkəzin elektron-lektoriya zalında davam etdi. Tədbir iştirakçıları birdəqiqəlik sükutla şəhidlərin ruhunu yad etdikdən sonra keçmiş 1-ci Səbail Tank batalyonu haqqında çəkilmiş film nümayiş olundu. Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova tədbiri açaraq qeyd etdi ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, azadlığı uğrunda çoxəsrlik mübarizədə xalqımızın oğul və qızları öz igidlikləri, mərdlikləri ilə Azərbaycan tarixinin şanlı hərb-qəhrəmanlıq səhəfəsini yaratmışlar. Xalqımız qəhrəmanlarının adını əbədiləşdirməklə xatirələrini uca tutmuş, onları həmişə ehtiramla yad etmişdir. Şərəfli ömür yaşamış Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev hər bir azərbaycanlı üçün nümunə olacaq döyüş yolu keçmişdir. Ölkəmizin müdafiəsində iştirak etmiş, döyüşlərdə həlak olmuş, əlil olmuş vətəndaşlarımizın xidmətləri Dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların ailələrinin sosial müdafiəsinə qayğı ilə yanaşılır və diqqətdə saxlanılır. Tədbirdə xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla davam etdirilir və ordumuz bu gün regionun ən güclü ordusuna çevrilmişdir. Tədbirdə çıxış edən Azərbaycan Hərbi Tarix Muzeyinin rəisi, ehtiyyatda olan polkovnik Əzizağa Qənizadə, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, "Dədə Qorqud" Milli fondunun prezidenti Eldar İsmayılov, hərbi jurnalist və 1-ci batalyon haqqında ilk döyüş səlnaməsi çəkmiş Şəmistan Əlizamanlı, keçmiş Səbail Tank Batalyonunun komandiri Hacı Əzimov, şəhidin döyüş yoldaşları müstəqilliyimizin ilk illərində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda gedən mübarizədən, Qarabağ müharibəsində erməni təcavüzkarlarına qarşı qanlı döyüşlərdə Şövqiyar Abdullayevin göstərdiyi şəxsi şücahətdən danışdılar. Milli Qəhrəmanın atası Cəmil Abdullayev çıxış edərək diqqət və qayğıya görə ailəsi adından ölkə rəhbərliyinə, tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Tədbirdə hərbi vətənpərvərlik ideyalarının təbliğində fərqləndiklərinə görə "Dədə Qorqud" Milli fondunun təsis etdiyi mükafatlar təqdim olundu. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.